Əsas Səhifə > Manşet / Təhsil > Vətəndaş məmnunluğunun Qazax nümunəsi

Vətəndaş məmnunluğunun Qazax nümunəsi


17-05-2022, 19:40


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik strategiyasının möhkəm siyasi özülü üzərində qurulmuş və ölkəmizdə təşəkkül tapmış ictimai-siyasi sabitlik, firavan həyat səviyyəsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daha böyük əzmlə inkişaf etdirilməkdədir. Azərbaycanın bugünkü uğurlarının təməlində bu amilin danılmaz rolu vardır. Yaşadığımız təlatümlərlə dolu dünyada Azərbaycan bir sabitlik adasıdır. Qarabağ müharibəsini qalibiyyətlə başa vurduqdan sonra bölgədə daimi sülhün əldə olunması üçün çox fəal işlər aparılır. Bütün bunlar gələcəyə olan ümidlərimizi daha da artırır, zaman keçdikcə arzularımızın gerçəkləşməsinin şahidi oluruq. 

Bu gün ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mərkəzində vətəndaş və onun güzəranının daha da yaxşılaşdırılması dayanır. Bu siyasətin icrasına xidmət məqsədilə rayonumuzda görülən işlər vətəndaşa yönəlik siyasətin tərkib hissəsi kimi dəyərləndirilir. Dövlətimiz tərəfindən mütəmadi olaraq sərhəd kəndlərinə, orada yaşayan insanlara və rayon ərazisində məskunlaşan məcburi köçkünlərə olan münasibət həmişə ən yüksək səviyyədə olub. Onların qayğı və problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb və istənilən müraciət qısa müddət ərzində həllini tapıb.

44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbədə rayonumuzun igidlərinin də öz payı vardır. Müharibədə qəhrəmanlıqla vuruşaraq şəhid və ya qazi olmuş insanlara daima xüsusi diqqət və qayğı göstərilir. Şəhid ailələrinə və müharibə əlillərinə, qazilərə həssaslıqla yanaşılır, bu zümrədən olan vətəndaşlara qayğıkeş münasibət göstərilir. Şəhidlərimizin qəhrəmanlığı şərəfinə ucaldılan "Qarabağ Azərbaycandır!” xatirə kompleksi və park onların müqəddəs ruhlarına ehtiramın ali səviyyəsi kimi qəbul edilir. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində şəhidlərimizin adlarına rayonumuzun müxtəlif yerlərində xatirə bulaqlarının yaradılması və bu işlərə dövlətimiz tərəfindən verilən dəstək ən yüksək hörmətə layiqdir. Bütövlükdə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin şəhidlərinə, qazi və veteranlarına olan özəl münasibət rayon gənclərinin daha vətənpərvər ruhda yetişməsi üçün önəmli bir faktora çevrilməkdədir.


Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” fəlsəfəsindən doğan "Müəllimdən yüksək ad tanımıram” fikirlərinin rayonumuzda son bir neçə ildə təhsilə olan münasibət və əldə olunan uğurlu nəticələr timsalında reallığa çevrilməsi bir həqiqətdir. Rayonumuz mövcud elm və təhsil potensialının imkanlarına görə elmi-praktik, beynəlxalq konfransların keçirildiyi bir məkana çevrilmişdir. Eləcə də mədəniyyətə, səhiyyəyə və digər sosial əhəmiyyətli sahələrə olan diqqət, qayğı və bu istiqamətdə görülən məqsədyönlü, nəticəyönümlü işlər sakinlərdə vətəndaş məmnunluğu yaradır ki, bu da ilk növbədə dövlət başçısı cənab İlham Əliyev tərəfindən insanlara göstərilən xidmət fəlsəfəsinin yerlərdə uğurlu tətbiqi kimi başa düşülür və qəbul edilir. Vətəndaşlarla həm şəhər ərazisində, həm də ayrı-ayrı kəndlərdə vaxtaşırı keçirilən görüşlərdə qaldırılan məsələlərin yerindəcə operativ həlli dövlətə və dövlətçiliyə olan inamın möhkəmləndirilməsində çox vacib amildir.

Bu gün də Qazaxımızın keçmiş əzəmətini və gözəlliyini özünə qaytaran geniş quruculuq və abadlıq işləri görülməkdədir. Rayon ərazisində xüsusi səliqə-sahman yaradılıb, yaşıllıqlar salınır, təmir-bərpa işləri aparılır ki, bunlar da sakinlərimizin ürəyincə olan, onlarda məmnunluq yaradan addımlardır.

Vətəndaşlara xidməti özünün fəaliyyətinin əsas meyarı hesab edən dövlət başçısının işini qədirbilən insanlarımız görür və yetərincə dəyərləndirirlər. Məmur-vətəndaş məmnunluğundan dövlət-vətəndaş məmnunluğuna uğurlu keçidin bariz nümunəsini Qazaxımızın timsalında reallaşdıran dövlətimizə, dövlət başçımıza ziyalı minnətdarlığı ilə

Məmməd YUSİFOV,

Bakı Dövlət Universitetinin Qazax filialının

Tədris və elmi işlər üzrə direktor müavini,

Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent


Geri qayıt