Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda sahibkarlarla maarifləndirici görüş keçirilib

Qazaxda sahibkarlarla maarifləndirici görüş keçirilib


16-05-2022, 21:51

 

Mayın 16-da 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Qazaxda fəaliyyət göstərən sahibkarlarla 2022-ci il 1 yanvar tarixindən qüvvədə olan "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”  Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VQD nömrəli Qanununun icrasından irəli gələn vəzifələrlə bağlı maarifləndirici görüş keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli, idarənin rəis müavini Cəbrayıl Məmmədov, Operativ vergi nəzarəti şöbəsinin rəisi Elçin Məmmədov, Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi Taleh Zeynalov, rayonda istehsal və ticarət sahələri üzrə fəaliyyət göstərən 200-dən artıq sahibkar iştirak edib.




 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qonaqları salamlayan rayon rəhbəri Vergi Məcəlləsində edilən dəyişikliklərə həsr olunmuş maarifləndirici görüşün keçirilməsinə görə 14 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyinə qazaxlı sahibkarlar, iş adamları adından minnətdarlığını çatdırıb, rayonun sahibkarlarına, iş adamlarına verilən qiymət, göstərilən qayğı kimi dəyərləndirib. Rayon rəhbəri bildirib ki, ölkədə yaradılan şəffaflığın və uğurla həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, bu gün Azərbaycan özünün inkişaf dövrünü yaşayır. Xüsusilə də vergi sahəsində olan şəffaflığın nəticəsində ölkədə bütün sahələrdə yeniliklərin, müsbət dəyişikliklərin şahidi oluruq. Vergi Məcəlləsində edilən dəyişikliklərdən söhbət açan rayon rəhbəri bütün dəyişikliklərin sahibkarlara, iş adamlarına verilən dəstəyin, onların öz fəaliyyətlərini genişləndirmələri üçün yaradılan şəraitin bariz nümunəsi olduğunu bildirib.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan, Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının 7.1.22. bəndində əksini tapan “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi məsələsindən də söz açıb. Rayon rəhbəri çıxışında “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin Respublika Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradıldığını qeyd edib. 6 ildir ki, fəaliyyət göstərən qurumun yaradılmasında məqsədin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək olduğunu vurğulayıb. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini söyləyib. İcra başçısı bildirib ki, “ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım və ən əsası, satışın təşkili ilə və avadanlıq ilə təmin edir. İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili “ABAD” tərəfindən həyata keçirilir. “ABAD” mərkəzlərinin sahibkarlara öz məhsullarını satmaları üçün geniş imkanlar açdığını qeyd edən rayon rəhbəri onları dövlət tərəfindən yaradılan bu imkandan səmərəli istifadə etməyə çağırıb, bununla bağlı tövsiyələrini verib. 

İcra başçısı çıxışı zamanı ölkə Prezidenti İlham Əliyevin 14 iyul 2017-ci il tarixli 3099 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”, Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında əksini tapan məsələlərə də toxunub. Tədbirlər Planının 11.8-ci bəndində əksini tapan “Kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələrin dəstəklənməsi” layihəsindən danışıb. Rayon rəhbəri qeyd edib ki, Dövlət Proqramında qeyd olunduğu kimi, 90-cı illərin ortalarında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapmış və kənddə yeni iqtisadi münasibətlərin əsası qoyulmuşdur. 1995-1996-cı illərdə qəbul edilmiş "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və "Torpaq islahatı haqqında" qanunlar torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarını təsbit etmiş, müasir aqrobiznesin formalaşmasına, təsərrüfat fəaliyyətinin nəticələrinə marağın və məsuliyyətin artmasına, habelə kooperasiyanın perspektiv dövrdə inkişafına şərait yaratmışdır. Əvvəllər formal olaraq "kooperativ" modelinə əsaslanan, reallıqda isə dövlət təsisatları kimi fəaliyyət göstərmiş kolxozların, habelə sovxozların mülkiyyətində olan torpaqların və əmlakın xüsusi mülkiyyətə verilməsi ilə tarixi ədalət bərpa olunmuş, fermerlərin könüllü surətdə kooperativlərdə birləşmələri üçün institusional zəmin yaradılmışdır. Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini, torpaqdan səmərəli istifadəni, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynayır. Təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyalar tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı təmin etmək üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsidir.

 


 

14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli çıxış edərək ilk növbədə tədbirin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Z.Mənsimli qeyd edib ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanunu Azərbaycan Respublikasının Prezidenti tərəfindən həmin ilin dekabrın 29-da təsdiq edilib. İdarə rəisi sahibkar kimi fəaliyyət göstərən hər bir şəxsin statusundan asılı olaraq hüquqi və fiziki şəxs kimi ilk növbədə vergi orqanında qeydiyyatının və uçotunun olmasını bildirib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün obyektlərdə onlayn nəzarət-kassa aparatının, post-terminalın, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin olmasının vacibliyini qeyd edib. Nəzarət-kassa aparatının, post-terminalıntətbiqi, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin olmaması, eləcə də digər qeyd edilənlərlə bağlı qanun pozuntuları olduqda vergiödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələndiyinidiqqətə çatdırıb.

Daha sonra idarə rəisi Z.Mənsimli tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Diskussiya şəraitində keçən görüşdə Vergi Məcəlləsində edilən dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, hər bir idarə, müəssisə və təşkilat, eləcə də sahibkar, iş adamı üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli və qanunvericilikdə nəzərdə tutulan bütün qaydalara ciddi əməl etməlidirlər.

Görüşdə Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında əksini tapan iri fermer təsərrüfatlarında tətbiq olunan mütərəqqi texnologiyaların və aqrotexniki qaydaların digər kənd təsərrüfatı məhsulları istehsalçıları arasında təbliği və istifadəsinin təşviqi, ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin davam etdirilməsi istiqamətində görülmüş işlərdən də söz açılıb. Tədbirlər Planında əksini tapan bu bəndlərin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlər müzakirə olunub. Fikir mübadiləsi aparılaraq bir sıra təklif və tövsiyələr dinlənilib.







GOYEZEN.AZ

 


Geri qayıt