Əsas Səhifə > Manşet / Rəsmi > May ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüş Birinci Şıxlı kəndində olub

May ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüş Birinci Şıxlı kəndində olub


5-05-2022, 23:36

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları, vətəndaş məmnunluğunun əsas götürülməsi barədə verdiyi tapşırıq və tövsiyələr onu deməyə əsas verir ki, yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin yenidən bərpa olunması da məhz bu məqsədə xidmət edir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

May ayı üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüş ayın 5-də Birinci Şıxlı kəndində olub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi səyyar görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan, ölkəmizdə və rayonda aparılan quruculuq işlərindən söz açılıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Ən əsası da vətəndaş məmnunluğunu təmin etməkdir.

İcra başçısı son illər ölkə Prezidentinin rəhbərliyi altında respublikamızın bölgələrində olduğu kimi, Qazaxda da aparılan quruculuq işlərinin geniş miqyas aldığını bildirib. Rayon rəhbəri Qazaxda həlli vacib olan məsələlərdən birinin mərkəzi xəstəxananın tikintisinin olduğunu və bu məsələnin ölkə başçısının qayğısı sayəsində müsbət həllini tapdığını bildirib. İcra başçısı Qazaxda inşa olunan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksini bu sahədə çalışan insanlara olan ən böyük töhfə kimi dəyərləndirib.

 

Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan digər bir məsələnin - şəhərin su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb.

Dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirən rayon rəhbəri son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib.

Son illər rayonun bütün kəndlərində olduğu kimi, Birinci Şıxlı kəndində də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Birinci Şıxlı kəndində içməli su probleminin aradan qaldırılacağını bildirib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib. Kənddə Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdıran icra başçısı bu sahədə lazımi addımların atıldığını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib.

 

2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi həkk olunduğunu qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Onlardan 6 nəfərinin Birinci Şıxlı kəndindən olduğunu bildirib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun, ölümündən sonra "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhidəsgər Mustafayev Merik Musa oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş şəhid əsgər Həsənov Babək Saleh oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacaqlarını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.


İcra başçısı ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşasını, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunmasını dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısı kimi qiymətləndirib.

 

İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi hesab edilən Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.

Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmalı olduğumuzu söyləyib.

"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləmək, kənddəki mövcud vəziyyəti sizin dilinizdən eşitməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

Kənd sakinlərindən Qazax Rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətirib. Son illər rayonda, eləcə də Birinci Şıxlı kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd edib. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyib. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıb. 

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Kənd sakinlərindən Tahir Musayevin 3727 nəfər əhalisi olan kənddə Körpələr Evi-Uşaq bağçasının açılması, kənd sakinlərinin təhlükəsizliyini nəzərə alaraq magistral yolun Birinci Şıxlı kəndindən keçən hissəsinə nişanlanma xətlərinin çəkilməsi, Kamil Adıgözəlovun 3727 nəfər əhalisi olan kəndə içməli su xəttinin çəkilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma suyu ilə təmin olunması məqsədilə 14,64 km uzunluğunda suvarma kanallarının beton üzlüyə alınması, Səadət Eynalovanın kənd inzibati ərazi dairəsinin inzibati binasında yerləşən həkim məntəqəsi üçün yeni binanın tikintisinə köməklik olunması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.




 

GOYEZEN.AZ


Geri qayıt