Əsas Səhifə > Manşet / Ədəbiyyat > Bu gün “Şuşanı alan oğullar!” söyləyən Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın doğum günüdür

Bu gün “Şuşanı alan oğullar!” söyləyən Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın doğum günüdür


18-03-2022, 16:15


Bu gün Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 71 yaşı tamam olur.

Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb şair Barat Vüsalı təbrik etməyi də unutmayıb.

Ötən il şairi rayonun ictimai həyatında fəal iştirakına və anadan olmasının 70 illiyi münasibətilə Fəxri Fərmanla təltif edən icra başçısı Əməkdar incəsənət xadimini bu gün də təbrik edib. Doğum günü münasibətilə Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıb. Müstəqil Azərbaycanımızın, Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona yeni yaradıcılıq uğurları arzulayıb.

"44 günlük Vətən müharibəsində qalib olan ölkənin vətəndaşı kimi Şuşada olduğum 3 gün mənim üçün 3 əsrə bərabərdir. Vaqif Poeziya Günlərini yenidən Azərbaycan xalqına bəxş edən Heydər Əliyev Fonduna və şəxsən Fondun rəhbəri Mehriban Əliyevaya qazaxlı ziyalılar adından təşəkkür edirəm. Şuşada olduğum günləri ömrümün sonuna kimi unutmayacağam”, - deyən şair Barat Vüsal həmin günləri ömrünə yazılan ən xoşbəxt günlər kimi qiymətləndirir. 

Ötən il Şuşada olan şair orada yaşadıqları anların xoş təəssüratlarını bu gün də qürur hissi ilə danışır. Şair Barat Vüsal Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Şuşanın yenidən cənnətə çevriləcəyi günün uzaqda olmadığını, Şuşanı alan oğullarımız var olduğu müddətcə Şuşanın da var olacağını fəxrlə söyləyir. Bu arzu, istəyini, ürək sözlərini "Şuşanı alan oğullar!” şeirində də dilə gətirir.

Gözlərimdə Koroğludur,
Mustafa bəy, Kürdoğludur.
Bu Vətənin bir oğludur,
Qələbə çalan oğullar,
Şuşanı alan oğullar!

 

Atillatək qırmancdılar,
Qayalara dırmaşdılar.
Sıldırımdan yol açdılar,
Qardaşım, balam oğullar,
Şuşanı alan oğullar!

 

Əzizdi Torpaqdan ötrü,
Doğma od-ocaqdan ötrü.
Şuşanı almaqdan ötrü,
Anadan olan oğullar,
Şuşanı alan oğullar!

 

Çaxıb şişməyə döndülər,
Çıxıb çiçəyə döndülər,
Axır Şuşaya döndülər,
Ölməyib... ölən oğullar,
Şuşanı alan oğullar!

 

Qüvvət alıb nərəsindən,
Gah Daşaltı dərəsindən,
Gah Kirs dağın zirvəsindən,
Deyirəm: salam, oğullar,
Şuşanı alan oğullar!

 

Mizan yox, bu Mizan təki,
Ehsan yox, bu Ehsan təki,
Ay özləri  Əzan çəkib,
Namazı qılan oğullar,
Şuşanı alan oğullar!

 

Bu Vətənə qulluq edin,
Yurdu oba-elli edin.
Haqqınızdı, "Yallı" gedin,
"Cıdır düzü"ndə o ki, var,
Şuşanı alan oğullar!

Ömrünün 71-ci baharını yaşayan şair Barat Vüsalın bu gün yaradıcılığının da əsas qayəsi torpaqlarımızı 30 illik həsrətdən sonra öz doğma sahibinə qaytaran Ali Baş Komandan İlham Əliyevə, canını xalq, millət, Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə həsr etdiyi şeirlərdir. Bu gün işğaldan azad edilən torpaqlardan, orada aparılan quruculuq işlərindən, ən əsası da o torpaqlarda tarix yazan oğullardan bəhs edən şeirlər yazır şair Barat Vüsal. İgid Vətən oğullarına olan borcumuzu şeirlərində yazdığı dəyərli sözlərlə, kəlmələrlə qaytarır.

 

Barat Alı oğlu Alıyev 1951-ci il martın 18-də Qazax rayonunun Kosalar kəndində anadan olub. Orta təhsilini doğma kənd məktəbində alıb, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Təyinatla Sabirabadda və Qazaxda müəllim işləyib. Bu dövrdəki fəaliyyəti "Baş müəllim" adıyla qiymətləndirilib.

Ədəbiyyata keçən əsrin 70-ci illərində gəlib. İmzası Qazaxda çıxan rayon qəzetində 60-cı illərin sonralarından, respublika mətbuatında isə 70-ci illərdən görünməyə başlayıb. 1982-ci ildən Gənc Yazıçıların Respublika Ədəbi Birliyinin üzvü olub. 1983-cü ildə gənc yazıçıların Şüvalanda keçirilən VIII Respublika müşavirəsində iştirak edib.

İlk şeirlər kitabı "Göz aydınlığı" adlanır və 1986-cı ildə "Yazıçı" nəşiriyyatında çapdan çıxıb. Daha sonra bir-birindən maraqlı kitabları işıq üzü görüb.

"Ürəyimdən bir çay axır" (1991), "Yolumuz eşqə bağlıdır" (1997), "Ömür bitər, yol bitməz" (2004), "Qazaxda yaşadım mən öz ömrümü" (2007), "Ruh gəmisi" (2013), "Kufə əhli" (2014), "Piyada atlı" və s. şeirlər kitabları şairi oxucuların sevimlisi edib.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbul olunub. 1993-cü ildən AYB Qazax zona filialının sədridir. Bu filial Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarında yaşayıb yaradan ədəbi qüvvələrini, qismən də Borçalı ədəbi mühitini özündə birləşdirir. İşlədiyi 29 il ərzində filial sədri kimi respublikamızın Qərb qapısında çox diqqətəlayiq yaradıcılıq işləri ilə məşğul olub. Dövrü mətbuatda yazıçı və şairlərimizlə bağlı, tariximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə, gənc ədəbi qüvvələrlə bağlı məqalələrlə, publisist yazılarla çıxışlar edib. Yüzlərlə yaradıcılıq hesabatları, yaradıcılıq gecələri, yubileylər, kitab təqdimatları, anım mərasimləri məhz Onun rəhbərliyi, aparıcılıq məharəti ilə baş tutub.

Bölgədə yeni gənc ədəbi qüvvələrin üzə çıxarılmasında, onların kitablarının çap olunmasında, filial yazarlarının əsərlərinin öz əksini geniş tapdığı almanaxların, antologiyaların, xüsusi buraxılışların tərtib edilib işıq üzü görməsində çox gərgin əmək sərf edib, səmərəli fəaliyyət göstərib.

Onun filial sədrliyi dövründən bu yana Ulu Öndər Heydər Əliyevin sərəncamları ilə hər il Qazaxda martın 21-də şairin doğum günündə keçirilməsi ənənəvi xarakter almış "Səməd Vurğun poeziya günləri" və 1982-ci ildən keçirilməyə başlanılmış "Vaqif poeziya günləri" əvvəlki səviyyədə davam etdirilib.

Barat Vüsal dövlətə və dövlətçiliyə bağlı sayılıb seçilən tanınmış, dəyərli, vətənpərvər şairlərdən biridir. Vətənpərvərlik ruhunda yazdığı şeirlərə görə 1998-ci ildə AYB-nin və Respublika Həmkarlar İttifaqının keçirdiyi poeziya müsaqibəsində "Xəlil Rza Ulutürk mükafatı" və 2008-ci ildə klassik ədəbi irsimizin təbliğindəki fəaliyyətinə görə "Səməd Vurğun ədəbi mükafatlarını alıb.

Şair və filial rəhbəri kimi 2000-2001-ci illərdə Dünya Gənc Türk Yazarlar Birliyinin 2 ödülünə layiq görülüb.

2009-cu ildə müddətli Prezident təqaüdü verilib.

Ordumuzla, əsgərlərimizlə qurduğu sıx əlaqələrə görə Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi ödülü verilib, Respublika Veteranlar Şurası Onu "Əliağa Şıxlinski" medali ilə təltif edib.

Barat Vüsal oxucular arasında və ictimaiyyət içərisində böyük nüfuz sahibidir. Bunun nəticəsidir ki, 2013-cü ildə bir ziyalı və şair kimi verdiyi təklif əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamla Qazaxda bölgələr üzrə ilk Ədəbiyyat Muzeyi inşa olunub.

Bakıda keçirilmiş Avropa Oyunları zamanı ölkə Prezidentinə həsr etdiyi poema əsasında kontata yazılıb, Ü.Hacıbəyov adına Dövlət Filarmoniyasının simfonik orkestirinin ifasında Az.TV-də səsləndirilib. Şeirlərinə mahnılar bəstələnib.

Barat Vüsal təkcə sözə deyil, həm də saza bağlı şairdir. 2007-2008-ci illərdə İTV-də "Ozan məclisini yaradanlardan və onun ilk aparıcılarından biri olub. 2017-ci ildən Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür. İTV-də uzun müddət yayımlanmış "Ovqat" və "Səhər sovqatı" televerlişlərində çıxışları Ona böyük nüfuz və şöhrət qazandırıb. Onun haqqında İTV kanalında "Bir kəndin nağılı", "Bir sözün sehri" və ATV-də "Bir sevgi tarixçəsi" televerilişləri də nümayiş etdirilib.

Barat Vüsal həm radio, həm də televiziyalardakı çıxışları, dövri mətbuatda çap etdirdiyi 200-ə yaxın ədəbi, elmi, tarixi, fəlsəfi və publisistik yazıları, məqalələri, esseləri, araşdırmaları ilə də oxucuların, tamaşaçıların, dinləyicilərin rəğbətini və hörmətini qazanıb.

Ədəbi yaradıcılığına dair Salatın Əhmədlinin "Ömrünü Qazaxda yaşayan şair" və Firuzə Abdullayevanın "Barat Vüsalın poeziyası" adlı monoqrafiyaları çap olunub.

İki cildlik "Seçilmiş Əsərləri" oxucuların ixtiyarına verilib.

Şeirləri Türkiyədə və İranda çap olunur. Tehranda "Söz yaşıllığı” adlı şeir kitabı 2018-ci ildə nəşr edilib.

Barat Vüsal gözəl ssenarist kimi də, aparıcı kimi də rayonda, bölgədə, respublikada keçirilən müxtəlif yubileylərdə, xatirə gecələrində, digər ədəbi-mədəni tədbirlərdə öz əməyini əsirgəməyib.

50 və 60 illik yubileyləri Qazaxda və Bakıda təntənəli şəkildə keçirilib. Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla Barat Vüsala 60 illik yubileyində Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adı verilib.

Barat Vüsal yaradıcılığı Azərbaycanın bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri - Anar, İ.Muğanna, N.Həsənzadə, H.Arif, X.R.Ulutürk, V.Səmədoğlu, M.Dilbazi, S.Tahir kimi Xalq şairləri, N.Cəfərov, N.Şəmsizadə, V.Yusifli, R.Kamal kimi alim və tənqidçi ədəbiyyatşünasları tərəfindənyüksək qiymətləndirilib.

Qazaxda Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 illik yubileyi də yüksək səviyyədə qeyd olunub. 2021-ci il martın 13-də şairin yubileyinə həsr olunmuş tədbir keçirilib. Barat Vüsalın sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər, onun yolu ilə getməyi özünə borc bilənlər yubilyara olan təbriklərini çatdırıblar. Həmin tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müvafiq Sərəncamı ilə Əməkdar incəsənət xadimi, şair Barat Vüsala rayonun ictimai həyatında fəal iştirakına və anadan olmasının 70 illiyi münasibətilə Fəxri Fərman və gül dəstəsi təqdim olunub.

Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun şairə ünvanladığı təbrik məktubu səsləndirilib. Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov millət vəkilinin Barat Vüsalın yubileyi ilə bağlı şairin ünvanına yazdığı təbrik məktubunu oxuyaraq hədiyyəsini təqdim edib.

Şair Barat Vüsalı qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından bir daha səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.

GOYEZEN.AZ


Geri qayıt