Əsas Səhifə > Manşet / Sosial > Millət vəkili Səməd Seyidov Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni tikilən binanın inşası ilə tanış olub

Millət vəkili Səməd Seyidov Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni tikilən binanın inşası ilə tanış olub


18-01-2022, 20:36


Son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğı sayəsində ölkəmizdə yeni inşa edilən və ya əsaslı təmir olunan təhsil müəssisələrinin sayı ildən-ilə artır. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Heydər Əliyev Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramlarının da böyük rolu var. Məhz bu proqramlar çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.

Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, bu günlərdə açılışı olan Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısından xəbər verir.

Ölkə başçısı tərəfindən yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da dövlətin Qazaxda təhsil sahəsinə olan növbəti qayğısıdır. Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamıdır.  

Hazırda köhnə məktəb-lisey binasının yerində yeni binanın inşasına start verilib.


Yanvarın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və köməkçisi Akif Əmirov məktəb-lisey üçün yeni tikilən binanın layihəsi və inşası ilə bağlı görülən işlərlə tanış olublar.

İş icraçısı Sakit Rəsulov layihə barədə məlumat verərək yeni inşa olunacaq məktəb binasının 4 korpusdan ibarət olacağını bildirib. Tədris korpusunun 4 mərtəbədən, 2 korpusun 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpusun isə 1 mərtəbədən ibarət olacağını qeyd edib. İş icraçısı işlərə noyabr ayının əvvəlindən başlanıldığını və sürətlə davam etdirildiyini söyləyib.  

Onu da qeyd edək ki, məktəbin müəllim-şagird kollektivi və valideynlər yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını bildirirlər.










 

GOYEZEN.AZ


Geri qayıt