Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə tədbir keçirilib
Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə tədbir keçirilib30-12-2021, 15:30 |
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür.Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi onun Azərbaycanda millət quruculuğuna töhfəsi idi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunub. Dekabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tələbləri nəzərə alınmaqla tədbir keçirilib. Mədəniyyət Mərkəzinin qarşısında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova,icra aparatının məsul işçiləri, Rayon Prokuroru Rauf Gözəlov, Polis Şöbəsinin rəisi Sənan Əsədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini m.i.e. Adil Həsənov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, idarə, müəssisələrin rəhbərləri, təhsil, mədəniyyət işçiləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca bayram tədbirini açıq elan edərək qonaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Bu gün Azərbaycan xalqının əlamətdar bayramları qalib ölkənin vətəndaşları olaraq qeyd etdiyimizi bildirib. 44 günlük Vətən müharibəsində dünyanın qibtə etdiyi bir mübarizlik göstərdiyimizi, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, Ali Baş Komandanın dediyi kimi, dəmir yumruq olaraq düşmənin başını əzdiyimizi bir daha diqqətə çatdırıb. Bugünkü bayramı qalib ölkə vətəndaşları olaraq qeyd ediriksə, buna görə Müzəffər Ali Baş Komandana, Azərbaycanın qüdrətli ordusuna, Azərbaycanın mərd, cəsur, igid oğullarına, Vətən uğrunda canını fəda edən şəhidlərimizə, sağlamlığını torpaqlarımızın bütövlüyü naminə itirən qazilərimizə borclu olduğumuzu vurğulayıb. Bütün şəhidlərimizi ehtiramla yad edərək Uca Tanrıdan onlara rəhmət, qazilərimizə Allahdan şəfa diləyib.
Yola saldığımız 2021-ci ilin ölkəmiz üçün ən uğurlu illərdən biri olduğunu, dünya klassikasının banilərindən sayılan böyük Nizaminin 880 illiyi münasibətilə 2021-ci ilin "Nizami ili" elan edildiyini, düşmən tapdağından azad edilmiş cənnət Qarabağda quruculuq işlərinə başlanıldığını, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada quruculuq işlərinin sona çatdırılmaqda olduğunu qeyd edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə dəfələrlə Qarabağa tarixi səfərlərin təşkil edildiyini, "Vaqif poeziya günləri”nin, "Xarı bülbül” musiqi festivalının keçirildiyini, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğanla birlikdə "Şuşa bəyannaməsi”nin imzalanmasını yola saldığımızın ilin uğurları kimi qürurla səsləndirib. Yola saldığımız ilin doğma Qazaxımız üçün də uğurlu il olduğunu qeyd edən aparıcı ölkə Prezidentinin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində güc və bacarığını əsirgəməyən icra başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə bir sıra infrastruktur layihələrinin icra edildiyini, rayonda genişmiqyaslı quruculuq işlərinin aparıldığını, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün qarşıya qoyulmuş məqsədlərin uğurla yerinə yetirildiyini, qazilərimizin qayğılarının həmişə diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını icra başçısı Rəcəb Babaşovun adından salamlayıb, səmimi ürək sözlərini və xoş arzularını çatdırıb. M.Alıyev bildirib ki, bu gün xoşbəxt xalqıq ki, qarşıdan gələn 2022-ci ili, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib xalq olaraq qeyd edirik. Qalib xalqın nümayəndəsi olaraq hər bir ölkə vətəndaşı Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətənin ərazi bütövlüyünü canından əziz tutan şəhidlərimizə, sağlamlığını torpaq üçün itirən qazilərimizə minnətdarıq. Bugünkü günə görə şəhidlərimizə, onların ailələrinə borcluyuq, onların və ailələrinin qarşısında baş əyirik. 2021-ci ilin rayon üçün məhsuldar bir il olduğunu qeyd edən M.Alıyev bu ilin həm də tikinti-quruculuq ili kimi yaddaşlara yazıldığını bildirib. Son illər respublikamızda ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu vurğulayıb. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını göstərib. Cari ildə Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsini Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısı kimi qeyd edib. Ölkə başçısı tərəfindən yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncamı dövlətin Qazaxda təhsil sahəsinə olan qayğısının davamı kimi qeyd edib. Hazırda Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşasına start verildiyini söyləyib. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini hər bir qazaxlı tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılandığını vurğulayıb. Vaxtilə Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpasını, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası kimi qiymətləndirib. Bu nümunəvi təşəbbüsə görə ölkə başçısına, Birinci vitse-prezidentə, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara bir daha minnətdarlığını ifadə edib. M.Alıyev sonda bir daha əlamətdar bayram münasibətilə xalqımızı, rayon sakinlərini təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində yeni nailiyyətlər arzulayıb.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib. 44 günlük Vətən müharibəsindən söz açan natiq torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini, igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.Ölkə Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən diqqət və qayğıdan danışan X.Balayev son günlər şəhid ailələrinin, müharibə əlillərinin sosial məişət şəraitinin, maddi rifah halının yaxşılaşdırılması üçün imzalanan Fərman və Sərəncamları qeyd edib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Müzəffər Ali Baş Komandan başda olmaqla xalqımızı, bütün dünya azərbaycanlılarını, rayon rəhbərliyini tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, yazdığı "Yallı” şeiri ilə xoş sözlərini çatdırıb. Sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunmuş tədbir konsert proqramı ilə davam etdirilib. Səhnəyə yeni il şənliklərinin personajı olan Şaxta baba və Qar qızın gəlməsi tədbir iştirakçılarına, xüsusilə də uşaqlara xoş anlar bəxş edib. Gənc ifaçılar Ramal Balacanovun, Lalə Əliyevanın, Tural Bayramovun, Bünövrə Bənnayevin, Asif Həsənovun, İlkin Hacalıyevin, Rauf Namazovun bir-birindən şən mahnıları tədbirə xoş ovqat qatıb. Gənc aşıqlar Samir Cəlaloğlunun, Şahin Süleymanovun və Ruslanın sazda etdikləri gözəl saz havası da alqışlarla qarşılanıb. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə keçirilən tədbir "Yaşa Azərbaycan!” mahnısının sədaları altında xoş əhval-ruhiyyə ilə başa çatıb.
GOYEZEN.AZ Geri qayıt |