Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub


16-12-2021, 11:25


Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il hələ uzun illər tarixi Qələbənin, Zəfərin qazanıldığı bir il kimi xatırlanacaq. Çünki həmin il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin, unudulmaz tarixi Qələbənin əks olunduğu bir ildir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Bu hissi bizə, xalqımıza yaşadanlar isə Azərbaycanın qorxmaz Vətən övladlarıdır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək isə bizim mənəvi borcumuzdur.

30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədə Qazaxın mərd oğullarının da payı var. Qazaxın 51 nəfər igid oğlu düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldi.

Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın da xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri hər zaman yad olunur.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizi, qazilərimizi, onların ailə üzvlərini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı rayon rəhbərinin iş fəaliyyətinin əsas hissəsini təşkil edir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların məzarlarını ziyrət edən, ailələrini tək qoymayan rayon rəhbəri ənənəsinə sadiq qalaraq qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz xatirələrini ehtiramla anıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə Vətən müharibəsində iştirak edən Qazax şəhərindən, Hüseynbəyli, Canalı  Orta Salahlı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixə adlarını qızıl hərflərlə yazan igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Nə qədər ki, müstəqil Azərbaycan dövləti və xalqı var, şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını əziz tutmağın, yaşatmağın hər birimizin vəzifəsi olduğunu vurğulayıb.

Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunə olmalıdır. "Bu gün özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini söyləyib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid gizir Elvin Orucovun anası Səidə Orucova, əsgər İlkin Əliyevin atası Bəxtiyar Əliyev və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasına görə razılıq ediblər. Şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi qeyd ediblər.

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun məzarı



 

 Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun məzarı



Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun məzarı



Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun məzarı



 

GOYEZEN.AZ


Geri qayıt