Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı Körpələr Evi-Uşaq bağçalarında olub, uşaqlara göstərilən qayğı ilə maraqlanıb

İcra başçısı Körpələr Evi-Uşaq bağçalarında olub, uşaqlara göstərilən qayğı ilə maraqlanıb


2-12-2021, 19:26


Bu gün sevindirici haldır ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Uşaq və yeniyetmələrə, gənclərə göstərilən qayğı bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. Son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr bunu deməyə əsas verir.

Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra edilir. Qazaxda uşaqlara göstərilən qayğının əyani sübutu bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, nizam-intizam, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz nümunəsidir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kənd 2 saylı Uşaq bağçasında və 3 saylı Körpələr Evi-Uşaq bağçasında olub.

Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə maraqlanan icra başçısı körpələrin hər cür qayğıya layiq olduğunu bildirib. 

Rayon rəhbəri pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasına, tibbi maskadan istifadəyə, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinə, ərzaqların keyfiyyətinə diqqətin artırılmasını qeyd edərək aidiyyatı üzrə lazımi tapşırıqlarını verib.

Bağça müdirləri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən dövlət qayğısının valideynlər tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.


 

GOYEZEN.AZ


Geri qayıt