Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi baş çavuş İsmayıl Qəsəbovun ildönümü qeyd olunub

Qazaxda Vətən müharibəsi şəhidi baş çavuş İsmayıl Qəsəbovun ildönümü qeyd olunub


12-11-2021, 22:56

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə, unudulmaz tarixi Qələbəyə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi möhtəşəm Qələbənin, 8 Noyabrda qeyd etdiyimiz Zəfərin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası da qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən, torpaq, yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullarımızdan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində xidmət etmiş şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğludur.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimizin uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür.

Bu gün Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış İsmayıl Qəsəbovun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. 





 

İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi polis polkovniki Yaşar Nuriyev, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin vaxtilə təhsil aldığı məktəbin müəllim və şagirdləri, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.  


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qazandığımız tarixi Qələbəyə, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. "Qürurla qeyd etdiyimiz şanlı Zəfərdə payı olan İsmayıl kimi qəhrəman oğullarımızla bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir, onların xatirəsini daim uca tutmaq, adını yaşatmaq hər birimizin borcudur”, - deyən icra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, İsmayıl Qəsəbovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib.

 

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.  

 

Şəhidimizin anası Kəmalə Carçıyeva şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını İsmayılın timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi dəyərləndirib.














Baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu


Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini "N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb.

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.






 

GOYEZEN.AZ


Geri qayıt