Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi qaziləri ilə görüşüb

Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi qaziləri ilə görüşüb


7-11-2021, 23:54


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı sayəsində qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər 30 illik həsrətə son qoydu. Bu Qələbə "Qarabağ Azərbaycandır!” şüarını gerçəkləşdirdi. İşğaldan azad edilən Azərbaycan torpaqları uzun illər həsrət qaldığı sahibinə qovuşdu. İndi Azərbaycan xalqı tarixi Qələbəmizin birinci ildönümünü böyük sevgi və coşqu ilə qeyd edir.

 

Noyabrın 7-də Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazaxda 44 günlük Vətən müharibəsində canları bahasına tarix yazan qazilərlə görüşüb.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin qarşısında keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, millət vəkilinin köməkçisi Arzu Musayeva və Birinci Qarabağ müharibəsi əlilləri də iştirak ediblər.

44 günlük Vətən müharibəsindən söz açan millət vəkili həmin müharibədə sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib. Bugünkü görüşün keçirildiyi müqəddəs məkanı – şəhidlərin adını əbədiləşdirən Abidə Kompleksini igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib. Bu nümunəvi təşəbbüsünə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.


"Sayılı saatlar qalıb ki, xalqımız Zəfər Gününü qürurla qeyd edəcək. Həmin şanlı Zəfəri bizlərə bəxş edən isə Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu”, - deyən millət vəkili həmin tarixi Qələbəni bəxş edənlərə bir daha minnətdarlıq edib.

Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıdan danışan millət vəkili həmin qayğının hər bir dövlət məmuruna, ölkə vətəndaşına örnək olduğunu söyləyib. Bugünkü görüşün də həmin qayğının davamı olduğunu diqqətə çatdırıb.

 

Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədr müavini, kəşfiyyatçı zabit, baş leytenant, I qrup Qarabağ müharibəsi qazisi Namiq Alıyev, ehtiyatda olan mayor, tabor komandiri, II qrup Vətən müharibəsi qazisi Xəyyam Əliyev, II qrup Qarabağ müharibəsi əlili Nüsrət Musayev və başqaları Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını rayon rəhbərliyi tərəfindən hər zaman hiss etdiklərini bildiriblər. Qazilərimiz canlarından keçən şəhidlərimizlə, onların ataları, anaları ilə qürur duyduqlarını, onlarla fəxr etdiklərini dilə gətiriblər. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özlərinə təsəlli bildiklərini söyləyiblər. 

Səmimi söhbət əsasında keçən görüşdə millət vəkili torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən Vətən müharibəsi qazilərinin qayğıları ilə maraqlanıb, hər zaman onların yanlarında olduğunu qeyd edib. Zəfər əhval-ruhiyyəli görüşün sonunda xatirə şəkli çəkdirilib.













 

GOYEZEN.AZ


Geri qayıt