Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynovun ildönümü qeyd olunub

Qazaxda “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynovun ildönümü qeyd olunub


9-10-2021, 14:17


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bir daha sübut etdi ki, ölkə Prezidenti İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan və 30 illik həsrətə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə Zəfərini yazdılar.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.

Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Hüseynov Nəbi Hacıbala oğludur.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş igid Vətən oğlunun bu gün uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Bu gün "Qarabağ” ordenli şəhidimizin doğulduğu Birinci Şıxlı kəndində ildönümü qeyd olunub.

İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev və müəllim-şagird kollektivi, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.

İgid Vətən oğlunun kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, tər qərənfillər düzülərək ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Cəbrayılın azad olunmasına görə” medalı məzarı başında atasına təqdim olunub.



Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədə baş leytenant Nəbinin də payı olduğunu bildirib. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən söz açan icra başçısı illər keçsə də Nəbi kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıb.

"Bu gün Nəbi bizim aramızda olmasa da o, yaşadığı qısa ömrünə yüz ilin qəhrəmanlığını sığdırdı. Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qorudu, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad etdi. Nəbinin döyüş yoluna, aldığı orden və medallara nəzər salarkən onunla fəxr edib, qürurlanmamaq mümkün deyil. Nəbi Şəhidlik adlı elə bir şərəfli yolu seçdi ki, onun tutduğu amal, getdiyi yol bu gün hər birimizə örnəkdir”, - deyən icra başçısı belə igid Vətən oğulları ilə illər keçsə belə hər zaman qürur duyulacağını dilə gətirib.

Rayon rəhbəri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan Nəbinin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın, işğaldan azad etdikləri torpaqların övladı olduğunu, onunla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.

 

"Ölkə Prezidentinin də söylədiyi kimi, şəhid ailələrinin bizim qayğımıza, diqqətimizə ehtiyacı var. Bizim də hər zaman borcumuzdur ki, həmin qayğını onlara hiss etdirək, dəstəyimizi onlardan əsirgəməyək. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, onlara dayaq olursa, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, - deyən icra başçısı Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.

İcra başçısı Qazaxda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulmasını, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində şəhidlərin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin  yaradılmasını həmin işlərin bariz nümunəsi kimi qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs ünvana çevrildiyini bildirib.

Azərbaycan Respublikası  Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Bir vətəndaş olaraq hər kəs kimi bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini qeyd edib. "Elə bir oğul böyütmüsünüz ki, onun adı Azərbaycan durduqca, var olduğu müddətcə yaşayacaq. Nəbi kimi qəhrəmanlarımız öz həyatlarını bizlərə, gələcək nəsillərə bağışladılar. Bizlərin də onları unutmağa haqqımız yoxdur”, - deyən millət vəkili Nəbinin, onun kimi igid Vətən oğullarının daim bizim qəlbimizdə əbədi yaşayacaqlarını bildirib. Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işləri, igid Vətən oğulları haqqında yazılan kitabı, yaradılan guşəni, Abidə Kompleksini yüksək qiymətləndirən millət vəkili bütün bu işlərin arxasında ölkə başçısının, Birinci vitse-prezidentin şəhidlərimizə verdikləri dəyərin, onların ailələrinə göstərdikləri qayğının dayandığını qeyd edib. Həyata keçirilən bu işlərə görə rayon rəhbərliyinə razılığını ifadə edib, minnətdarlığını bildirib.


Sonra Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin şagirdləri şəhidimizə həsr olunmuş şeirlər səsləndirib, igid Vətən oğluna olan ehtiramlarını bildiriblər.

Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyib, əziz xatirəsini ehtiramla yad ediblər. 

 

Şəhidimizin atası Hacıbala Hüseynov öz ailəsinin, el-obasının adını uca edən qəhrəman övladı ilə fəxr etdiyini söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin əziz tutulmasını, daim yad olunmasını Nəbinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu


Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır.

Xüsusi Təyinatlı Qüvvələrin "N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.


İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra dörd medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə” "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.







 
GOYEZEN.AZ

Geri qayıt