Əsas Səhifə > Manşet / Şəhidlər > 22 yaşında Şəhidlik zirvəsinə ucalan qazaxlı leytenant Elmar Bayramlının ildönümü qeyd olunub

22 yaşında Şəhidlik zirvəsinə ucalan qazaxlı leytenant Elmar Bayramlının ildönümü qeyd olunub


30-09-2021, 16:26


2020-ci ilin 27 sentyabrından başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan Vətən müharibəsindən, hərb tariximizin zəfər salnaməsindən 1 il ötür. Bu, o Vətən müharibəsidir ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyaraq Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu, o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı.

44 günlük Vətən müharibəsində 22 yaşında Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdan biri də şəhid leytenant Bayramlı Elmar İsa oğludur. Bu gün qəhrəman şəhidimizin uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Elmar Bayramlını ildönümündə bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs yad edib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonumuzda qonaq olan ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, Universitetin akademik işlər üzrə prorektoru Vəfa Kazdal, eləcə də digər əməkdaşlar, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizinvaxtilə təhsil aldığı Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru, Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahovun atası Mahmud Pənahov, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri igid Vətən oğlunun ildönümü mərasimində iştirak ediblər. Torpaq uğrunda canından keçən qəhrəman şəhidimizin ruhuna dua oxunub, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənib, əziz xatirəsi böyük ehtiramla yad edilib. 


Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin zəfərdə payı olan Elmar kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.

"Bu gün Elmar bizim aramızda olmasa da o, daim bizim qəlbimizdə yaşayır. Elmar döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə bizim qəlbimizə və yaddaşımıza əbədi yazıldı. O qəhrəmanlıq ki, Ali Baş Komandan İlham Əliyev imzaladığı Sərəncamlarla Elmarın igidliyini, şücaətini qiymətləndirdi. "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif etdi. 22 yaşında Şəhidlik zirvəsinə ucalan Elmar qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Elmarın igidliyi, qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnək olacaqdır”, - deyən rayon rəhbəri Elmar kimi oğullarımızla tək bu gün deyil, illər ötsə belə hər zaman qürur duyulacağını bildirib. 

Rayon rəhbəri şəhid ailələrinə bundan sonra da diqqət və qayğı göstəriləcəyini, onların daim dövlətin qayğısı ilə əhatə olunacaqlarını vurğulayıb. İllər keçsə belə şəhidlərimizin və onların ailələrinin unudulmayacağını qeyd edib.


İcra başçısı Qazaxda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülən məqsədyönlü işlərdən söz açaraq həmin işləri igid Vətən oğullarına olan hörmət və ehtiram kimi qiymətləndirib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin  yaradıldığını qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs ünvana çevrildiyini bildirib.

Şəhid atası İsa Bayramov hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının şəhid olduğu ilk gündən daim xatirəsinin yad olunmasını Elmarın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.





Leytenant Bayramlı Elmar İsa oğlu


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində "Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır.


Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.


Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”"Suqovuşanın azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.




GOYEZEN.AZ


Geri qayıt