Əsas Səhifə > Manşet / Şəhidlər > 27 sentyabr Anım Günü ərəfəsində Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarları və ailələri ziyarət olunub
27 sentyabr Anım Günü ərəfəsində Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarları və ailələri ziyarət olunub13-09-2021, 20:14 |
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Bu, o Vətən müharibəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olunacaq. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncam da bunun əyani sübutudur. Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi: "Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq”. 27 sentyabr Anım Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlərə ilk olaraq Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalaraq 44 günlük Vətən müharibəsində rayonun İkinci Şıxlı kəndindən şəhid olmuş əsgər Elmar Omarovun, əsgər Emil Kərimovun, Birinci Şıxlı kəndindən şəhid olmuş kapitan Rövşən Pənahovun, əsgər Davud Qurbanovun, əsgər Babək Həsənovun, baş leytenant Nəbi Hüseynovun, əsgər Merik Mustafayevin, əsgər Nicat Nəsibovun, Yuxarı Salahlı kəndindən şəhid olmuş baş gizir Teymur Hacıyevin, leytenant Elmar Bayramlının, (MAHHXHQ) əsgər Taleh Abdullayevin məzarlarını ziyarət edib, tər qərənfillər düzüb. Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə yazılmış "Qanları ilə dastan yazanlar" kitabının müəllifi, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quluyev, şəhidlərimizin vaxtilə təhsil aldıqları məktəblərin direktorları, müəllimləri, şəhid ailələri ilə birlikdə şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edib. Torpaq uğrunda canından keçən igid Vətən oğullarının, bütün şəhidlərimizin ruhuna dua oxunub, Allahdan rəhmət, ailələrinə səbir dilənib.
Rayon rəhbəri cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. "Anım Günü ərəfəsində özümə borc bildim ki, şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Anım tədbirlərinə ilk olaraq şəhidlərimizin məzarlarının ziyarət olunması ilə başlanıldığını qeyd edib. İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması üçün imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi bildirib. Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu qeyd edib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsinin bundan sonra da əziz tutulacağını bir daha diqqətə çatdırıb. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bir daha vurğulayıb. Şəhid əsgər Babək Həsənovun anası Gülarə Həsənova, əsgər Nicat Nəsibovun atası Səməd Nəsibov və başqaları Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər. Bugünkü ziyarəti övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi kimi dəyərləndiriblər. Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Qurbanov Davud Tariyel oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlu
Ölümündən sonra "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Mustafayev Merik Musa oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”,"Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid leytenant Bayramlı Elmar İsa oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlu
GOYEZEN.AZ Geri qayıt |