Əsas Səhifə > Manşet / Mədəniyyət > XXI əsrin “qadın lider” obrazı - Mehriban xanım Əliyeva

XXI əsrin “qadın lider” obrazı - Mehriban xanım Əliyeva


25-08-2021, 14:11


Azərbaycanın şanlı tarixinin müəyyən dövrlərində dövlətçiliyin inkişafında, xalqın mənəvi dəyərlərinin formalaşmasında fəal iştirak edərək öz töhfələrini vermiş və bütün azərbaycanlıların örnək kimi qəbul edib fəxarətlə, qürurla yad etdikləri qadınlar olub və indi də vardır. Qoca tarix bizə bacarıqlı, ağıllı, müdrik, qəhrəman qadınlardan çox bəxş edib. Onların hər biri dövlətlərin, cəmiyyətlərin taleyində, xalqların taleyüklü məsələlərin həllində mühüm rol oynayıb, bir çoxlarının adları isə tarixin səhifələrinə qızıl hərflərlə yazılıb.

XX əsrdə yüksək mənəvi məsuliyyət hissi ilə bu tarixi missiyanı öz zərif çiyinlərində daşımaqla şərəflə, əzmlə dövlətə və xalqa xidmət mücəssəməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycanın diplomatiya tarixində kifayət qədər qadın hökmdarlar olublar. Tomris, Nüşabə, Tuti Bikə, Sara Xatun, Dəspinə Xatun, Mehinbanu Sultan qürurlu tarix səhifələrimizin nadir zərif inciləridir.

Müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi, cəmiyyətin ictimai–siyasi mədəni həyatında və idarəetmə sistemində fəal mövqeyi ilə Mehriban xanım Əliyevanın fəaliyyəti müasir tariximizdə Azərbaycan qadınının daha fərqli, daha mükəmməl obrazını gələcək nəsillərə ötürür. Bu gün Mehriban xanım Əliyeva müasir Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ölkənin müstəqilliyi və tərəqqisinə müstəsna töhfələr vermək kimi tarixi missiyanı həyata keçirir. Mehriban xanım qadın, ana və yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi dünyada Azərbaycan qadınının ümumiləşmiş obrazının müəllifidir. Onun qadın lider olaraq formalaşması həm öz istedadı, mükəmməl təhsili, həm də taleyinə yazılmış Ulu Öndər Heydər Əliyev kimi böyük dahi siyasətçinin həyat və siyasət məktəbindən dərs alması ilə səciyyələnir. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanda "qadın lider” fenomeni və idarəetmədə "qadın rəhbər” obrazı təşəkkül tapdı. Bu gün cəmiyyətin bütün sahələrində Azərbaycan qadını həm anadır, həm siyasətçidir, həm iş adamı, həm dövlət məmurudur. Mehriban Əliyeva ölkənin birincixanımı olmaqla yanaşı, həm də Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2004-cü ildən bu günə qədər Ulu Öndərin adını daşıyan Fondun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, nüfuzlu beynəlxalq təşkilatlar olan UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiridir. Mehriban xanım Əliyeva 2017-ci ildən isə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra edir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Bu günə qədər təhsil, səhiyyə, mədəniyyət, sosial, idman və s. sahələri əhatə edən irimiqyaslı saysız layihələrin müəllifidir. Təkcə lider və ictimai xadim yox, həm də gözəllik, xeyirxahlıq, şəfqət və mərhəmət simvoludur. Xalqın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyətlə məşğul olan, milli ailə ənənələrini yaşadan zəngin, mənəvi və intellektual potensiala malik əsl Azərbaycan qadını - Azərbaycan Respublikası Prezidentinin ən yaxın silahdaşıdır.

Başında örpək şəhid anaları ilə görüşəndə də, əynində ağ xalat, şəfaya ehtiyacı olanlara baş çəkəndə də, rəsmi dövlət tədbirlərində də, hərbi paltarda riskli ərazilərə səfərində də, qəlbində söykənmiş Quranla məscidləri ziyarət edəndə də, qibtə doğuracaq qabiliyyətlə dünyada Azərbaycan qadınının dövlətdə və cəmiyyətdəki rolu haqqında real mənzərə yaradır.

Onun rəhbərliyi altında xeyli sayda əhəmiyyətli layihələr həyata keçirilib. Bütün bu layihələr xalqımızın və dövlətimizin mənafeyinə xidmət edib. Onun müəllifi olduğu layihələrin əsasında insan amili, cəmiyyətdən və əhalidən gələn sosial sifarişlər dayanır. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata keçirilir. Bütün fəaliyyəti boyu Heydər Əliyev ideyalarına əsaslanaraq Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə, ölkənin ictimai həyatının bütün sahələrində əhəmiyyətli təşəbbüslər irəli sürərək mühüm işlərə imza atıb.

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – "Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın "Şərəf Legionu”, Rusiyanın "Dostluq” və "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın "Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın "Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın "Hilal-e Pakistan”, Serbiyanın "Sreten”, Macarıstanın "Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun "Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və "Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, "Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı.

Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt