Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Ağköynək kənd sakinlərinin müraciətinə yerində baxıb
İcra başçısı Ağköynək kənd sakinlərinin müraciətinə yerində baxıb18-08-2021, 19:43 |
Cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır. Son dövrlər ölkə başçısının rəhbərliyi altında həyata keçirilən bütün işlərdə, uğurla icra edilən layihələrdə vətəndaş məmnunluğunun təmin edilməsi əsas götürülür. Ən əsası da dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr ölkəmizdə vətəndaş amilinin hər zaman ön planda olmasından xəbər verir. Ölkə rəhbərinin vətəndaşlara göstərdiyi qayğı və diqqət Qazaxda da hər zaman nümunə götürülür. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması və əsası illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi dediklərimizin əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri ilə birlikdə bir qrup Ağköynək kənd sakininin müraciətinə yerində baxış keçirməsi vətəndaşlara olan növbəti qayğıdır. Sakinlərin yaşadıqları əraziyə su çəkilməsi ilə bağlı müraciətlərini dinləyən icra başçısı qaldırılan məsələyə həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələnin araşdırılması, həlli üçün mövcud imkanların öyrənilməsini söyləyib və müsbət həll olunması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib. Sakinlərdən şəhid atası Sarı Hüseynov, Sədaqət Eminova və başqaları çıxış edərək onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd etdikləri məsələnin həlli ilə bağlı lazımi addımların atılmasını razılıq hissi ilə qarşılayıblar.
GOYEZEN.AZ Geri qayıt |