Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib

Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib


30-06-2021, 21:13


İyunun 30-da Pandemiya qaydalarına uyğun olaraq Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə geniş tərkibdə müşavirə keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin, Rayon Təhsil Şöbəsinin əməkdaşlarının və məktəb direktorlarının iştirakı ilə keçirilən müşavirədə son illər yüksək göstəricilər əldə etmiş məktəblər, eləcə də bir sıra məktəblərdəki mövcud vəziyyət və nöqsanlara yol verilməsi halları geniş şəkildəmüzakirə olunub.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən müşavirədə səslənən fikirlər, xüsusilə də bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflığın təmin olunması ilə bağlı aparılan müzakirələr bir daha sübut edir ki, Qazaxda bu sahə daim nəzarətdə olan və həssaslıqla yanaşılan bir sahədir.

Müşavirəni giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Ölkəmizdə təhsilin inkişafına böyük qayğı göstərildiyini qeyd edən icra başçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirildiyini söyləyib. Rayon rəhbəri dövlət başçısı tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin Qazaxda da uğurla icra olunduğunu bildirib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını bunun əyani sübutu kimi göstərib.

 

İcra başçısı qeyd edib ki, son illər Heydər Əliyev Fondu tərəfindən rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, yenə də Fond tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Səməd Vurğun adına şəhər 2 nömərli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikilməsi gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısıdır. Ölkə Prezidenti tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını bildirib.

İcra başçısı təhsil sahəsinə göstərilən dövlət qayğısının öz bəhrəsini verdiyini, rayon məktəblərində ildən-ilə yüksək göstəricilərin əldə edildiyini diqqətə çatdırıb. Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli  tam orta məktəbin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin, Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin, Qazax rayon Abbasəli Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbin kollektivlərinin onlara göstərilən qayğını layiqincə doğrultduqlarını bildirib.

 

İcra başçısı 2020-2021-ci tədris ilində keçirilən Olimpiadaların nəticələri barədə məlumat verərək həmin olimpiadalarda bir sıra məktəblərimizin əldə etdiyi uğuru ümumilikdə Qazax təhsilinin uğuru kimi qiymətləndirib. Qeyd edib ki, 2021-ci ildə Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi Tovuz şəhərində keçirilmişdir ki, Qazax rayonu üzrə 60 şagird bu mərhələdə iştirak etmişdir. Onlardan 4 nəfəri yarımfinalda qalib gəlmiş və final mərhələsinə vəsiqə qazanmışdır.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Məhərrəmov Nurlan Emin oğlu Tarix fənni üzrə Respublika mərhələsində II yeri tutmuşdur. Məktəbin 10-cu sinif şagirdi Ayralov Məhəmmədəli Sarı oğlu isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texniki Universitetin keçirdiyi "Gələcəyin mühəndisi-2” olimpiadasında III yerə layiq görülmüşdür. Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Göyüşova Xəyalə Nadir qızı Biologiya fənni üzrə Respublika mərhələsində III yeri qazanmışdır. 2020-2021-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın ən yaxşı ümumtəhsil məktəbləri sırasınaQazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli  tam orta məktəb və Qazax rayon Abbasəli Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbləri daxil edilmişdir. Bütün bu uğur və nailiyyətlərin arxasında ölkə rəhbərinin təhsil sahəsinə olan yüksək diqqət və qayğısının dayandığını söyləyən icra başçısı bütün məktəblərin belə yüksək göstəricilərinin olmasını arzu edib.  

Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin rəhbər vəzifəli şəxsləri qəbul edərkən dövlət məmurları haqqında söylədiyi fikirlərin, ölkədə bütün sahələr üzrə şəffaflığın təmin olunması sahəsində verdiyi tapşırıq və tövsiyələrin, göstərişlərin Qazax rayonunda da prioritet istiqamətlərdən birini təşkil etdiyini qeyd edib. Dövlət başçısının ölkəmizdə bütün sahələr üzrə şəffaflığın təmin olunması sahəsində verdiyi tapşırıqların bu gün respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda ən vacib məsələ kimi daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Rayon rəhbəri ölkəmizdə şəffaflığın təmin olunması istiqamətində aparılan mübarizə tədbirlərinin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini bildirib. Ölkə başçısının bu sahədə barışmaz mövqeyinin hər zaman əldə rəhbər tutularaq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görüldüyünü, ən əsası da şəffaflığın bütün sahələri əhatə etdiyini qeyd edib. İcra başçısı son illər rayonda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflığın təmin olunduğunu, vaxtilə mövcud olan neqativ halların aradan qaldırıldığını vurğulayıb.

İcra başçısı qeyd edib ki, təhsil sahəsinə olan qayğının, ən əsası da şəffaflığın təmin olunması sahəsində görülmüş işlərin əvəzində son dövrlər Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə baş vermiş neqativ hallar və buna görə məktəb direktoru Abbas Carçıyevin tutduğu vəzifəsindən azad edilməsi xoşagəlməz haldır.

İcra başçısı bildirib ki, bu gün dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss ediriksə, bizim də üzərimizə bir məsuliyyət düşür ki, rayonda təhsilin keyfiyyətini artırmaq, ən əsası da təhsil işçilərinə olan etimadı doğruldaraq bu sahədə olan şəffaflığı təmin etməkdir. Ölkə rəhbərinin bu sahədə qarşıya qoyduğu məqsəd və vəzifələrə daim dəstək olmaq, rayonda təhsil sahəsində bu günə qədər olan şəffaflığı olduğu kimi qoruyaraq öz töhfəmizi verməkdir.

 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə, eləcə də rayon rəhbəriyinə bütün təhsil işçiləri adından minnətdarlığını çatdırıb. N.Babanlı 13488 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1702 nəfər pedaqoji, 641 nəfər texniki heyətin məşğul olduğunu bildirib. 1-11-ci siniflərdə 12428 nəfər, hazırlıq qrupunda 1060 nəfər, 1-ci sinifdə 1318 nəfər, 11-ci sinifdə 718 nəfər, 9-cu sinifdə isə 1056 nəfər şagirdin təhsil aldığını qeyd edib. Bu il ali və orta ixtisas təhsil müəssisələrinə təqribən 560 nəfər şagirdin sənəd verdiyini vurğulayıb. 2020-2021-ci tədris ilində 11-ci sinifdə təhsil alan 20 nəfər, 9-cu sinifdə təhsil alan 16 nəfər şagirdin fərqlənmə attestatı, eyni zamanda 11-ci sinifdə təhsil alan 2 nəfər şagirdin xüsusi fərqləndiyi üçün qızıl nişan alacağını vurğulayıb. N.Babanlı istər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrin bundan sonra da olduğu kimi icra ediləcəyini qeyd edib. Xüsusilə də rayonda təhsil sahəsində olan şəffaflığın bundan sonra da təmin olunacağını bildirib. Rayon rəhbərinin söylədiyi iradların haqlı və yerində deyilən iradlar olduğunu qeyd edib. Səslənən fikirlərdən, bildirilən iradlardan, verilən tapşırıq və tövsiyələrdən hər bir məktəb direktorunun nəticə çıxarmalarını, üzərilərinə düşən məsuliyyəti dərk edərək deyilənlərə ciddi əməl etmələrini söyləyib.

 

GOYEZEN.AZ


Geri qayıt