Əsas Səhifə > Manşet / Rəsmi > “Regionun geosiyasi lideri - Azərbaycan”

“Regionun geosiyasi lideri - Azərbaycan”


25-05-2021, 11:56


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 17 ildə səmərəli, sistemli düşünülmüş və milli dövlətçiliyin möhkəmlənməsinə xidmət edən siyasəti sayəsində cəmiyyətin bütün sahələrində siyasi, sosial, mədəni, hərbi sahələrdə uğurlu proqramlar həyata keçirilib, sistemli və davamlı inkişaf dinamikası meydana gəlib. Prezidentin daxili və xarici siyasəti uyğunlaşdırması və həmin konteksdə ordu quruculuğu təhlükəsizliyinin təmin edilməsi və ərazi bütövlüyün bərpası istiqamətində mühüm işlər görülüb. Azərbaycan sentyabrın 27-də başlanan müharibədə qalib ölkə kimi öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan isə məğlub ölkə kimi kapitulyasiya aktına imza atdı. Cənubi Qafqaz regionunda sülh bərqərar oldu və bu gün Azərbaycan əməkdaşlıqlar və tərəfdaşlıqlar məkanı kimi bir çox xarici dövlətlərin marağını çəkən dövlətdir. Lakin 30 il əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq biz əməkdaşlığa hazırıq və bunu dəfələrlə bəyan etmişik ki, gələcək haqqında danışılsın. Regionun xalqları sülh və əmin-amanlıq şəraitində birgə yaşamağı öyrənməlidir. Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq. Bu asan deyil. Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayırlar. Amma Azərbaycan tərəfi hər zaman köhnə səhifəni çevirib, yeni səhifəni açmağa hazırdır. Və bu işdə beynəlxalq hüquq və ədalətə arxalanaraq öz işimizi görürük. Ermənistan isə diasporanın köməyinə ümid edərək qeyri konstruktiv mövqe nümayiş etdirib. Nəticə isə göz önündədir. Ermənistanın alçaldıcı məğlubiyyətinə səbəb olan amillərdən biri məhz elə onların diasporası oldu. Reallıq və davranış arasında fərq işimizi müdafiə etmək və mesajımızı çatdırmaq üçün üzləşdiyimiz və hələ də qarşılaşdığımız ən böyük çağırışlardan biridir.

Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdədir. Ermənistan isə hələ də qeyri konstruktiv mövqeyindən əl çəkmir. Bu da, regionda sülhün təminatı üçün təhlükədir. ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır. Bu məsələdə də Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsirini göstərə bilən aparıcı dövlət və ATƏT-in Minskqrupunun həmsədr ölkəsidir. Ona görə də ABŞ-ın dəstəyi və ədalətli mövqeyi regionun inkişafını sürətləndirə bilər. Bu səbəbdən münasibətləri normallaşdırmağa kömək edən və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq.

Məğlub ölkə kimi imza atdığı kapitulyasiya aktında Ermənistan həm də öhdəliklər götürüb ki, onlara mütləq əməl etməlidir. Bunlardan biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb edir. Bu dəhliz açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına hazırdır. Məsuliyyətli ölkə və gələcək barədə düşünən hökumət kimi biz bərpa olunan enerji üçün investorlar cəlb etməyə başlamışıq. Qlobal ekoloji vəziyyətin qorunmasında Azərbaycan özünü məsuliyyətli ölkə kimi aparır. İşğaldan azad edilmiş ərazilərdə - Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmaq planlaşdırılır. Bizim Rusiya, İran, Gürcüstan, Türkiyə ilə xətlərimiz var. Biz hər tərəfə enerji ixrac edirik. Elektrik enerjisi ixracı artıq on milyonlarla dollar gəlir gətirir, lakin yüz milyonlarla gəlir gətirəcək. Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə işgüzar münasibətlər qurmaqla regionun lideri kimi özünü təsdiq etdi. Azərbaycan BMT-nin 4 qətnaməsini təkbaşına reallaşdırdı. Bu isə Cənubi Qafqazda yeni geosiyasi reallığın yaranmasına səbəb oldu. Azərbaycan regionda yeni əməkdaşlıq yolu açdı. Yeni geosiyasi reallığın mərkəzi punktunu əməkdaşlıq və təhlükəsizlik təşkil edir. Bütün bu əməkdaşlıq və tərəfdaşlıqlar kontekstində Azərbaycan öz regional liderliyini qoruyacaq. Prezident İlham Əliyevin təbirincə desək: "...bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxaracaq, eyni zamanda bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaradacaq. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əmakdaşlığı labüd edir”.

Gültəkin HÜSEYNƏLİYEVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Geri qayıt