Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda COVID-19 pandemiyası ilə bağlı aparılan mübarizə tədbirləri müzakirə olunub

Qazaxda COVID-19 pandemiyası ilə bağlı aparılan mübarizə tədbirləri müzakirə olunub


12-03-2021, 20:21


Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə həyata keçirilən kompleks tədbirlər bu gün də davam etdirilir.

Son günlər koronavirus infeksiyasına yoluxmaların sayında artım müşahidə olunduğundan respublikamızın hər yerində olduğu kimi, Qazaxda da infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, hüquq-mühafizə orqanları rəhbərlərinin, təhsil və səhiyyə işçilərinin iştirakı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə rayondakı epidemioloji vəziyyətin, vətəndaşların vaksinasiya prosesinin və tibbi maskadan istifadənin mövcud vəziyyəti müzakirə olunub. Karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən ictimai nəqliyyatda, eləcə də digər yerlərdə sanitariya-epidemioloji qaydalara riayət edilməsi, tibbi maskadan istifadə olunması üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.


İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs səfərbər olmalıdır.

İcra başçısı hazırda rayonda 6 məktəbdə müəllim və şagirdlər arasında COVID-19 virusuna yoluxma halının olduğunu, hətta, İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə yoluxma sayının çox olması səbəbindən Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, distant təhsilə keçirildiyini bildirib. Rayon rəhbəri istər müəllimlərin, istərsə də valideynlərin üzərinə çox böyük məsuliyyət düşdüyünü qeyd edib.

Sonra icra başçısı "Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in direktoru Sevda Məmmədovaya, baş həkim Allahverdi Quliyevə, "Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxs”in direktoru Kamandar İbrahimova, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi Sədət Nazarovaya, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlıya qeyd olunan, eləcə də digər məsələlərlə bağlı ciddi tapşırıqlarını verib.

Sonda rayonda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görüləcək işlər bir daha geniş şəkildə müzakirə edilib.

GOYEZEN.AZ


Geri qayıt