Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev: “Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”


17-02-2021, 21:22


Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu.

Bu gün işğaldan azad olunmuş həmin torpaqların bərpası prosesinə başlanılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı ölkə başçısının xalqa müraciətində də qeyd etdiyi kimi, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək. Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planlarının hazırlanması bir daha onu sübut edir ki, tez bir zamanda Qarabağ və ətraf ərazilərimiz cənnətə çevriləcəkdir. Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk "ağıllı kənd” layihəsinin Zəngilan rayonunun Ağalı kəndində icra edilməsi bunun bariz nümunəsidir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib. Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb. Minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyan qiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə start verilib. Evlər də, təbiət də bərpa ediləcək. Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı da çox böyükdür. Həmin torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb. Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər veriləcəkdir. Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməklə insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışına nail olmaqdır.

İşğaldan azad edilmiş həmin torpaqlara nəzər yetirərkən bir daha erməni vandalizminin şahidi oluruq. Dağıdılmış evlər erməni faşizminin törətdiyi əməllərdir. Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün su elektrik stansiyalarını -  Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıb.    

Erməni silahlı qüvvələri tərəfindən işğal altında saxlanıldığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin də ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Hazırda həmin evlərin tam yararsız vəziyyətdə olduğu görüntülərdən də aydın şəkildə görünür.

Köçürülmüş ermənilərin həmin evlərdə məskunlaşması məqsədilə xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.

Mənfur niyyətini aşkar şəkildə nümayiş etdirən işğalçı rejim Azərbaycana qarşı ekoloji terror da törətmişdir. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmiş və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən yaşı təqribən 200-300 ilə bərabər olan çinarların böyük hissəsini acımadan kəsib, doğrayıb, talayıb və yandırıb.

Bu gün ölkə Prezidentinin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir, "Yaşıl enerji” zonası yaradılır. Prezident İlham Əliyev də çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaq. Ölkə baçısının da vurğuladığı kimi, azad edilmiş torpaqlar "yaşıl enerji” zonası olacaq. Zəngilan rayonunda birinci pilot "ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir. "Yaşıl enerji”nin inkişafı investisiya cəlbinin əsas istiqamətlərindən biridir.

Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı vardır. Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. "Xudafərin” və "Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaqdır.

Bu gün tam əminliklə söyləyə bilərik ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər və Azərbaycanın təşəbbüsləri işğaldan azad edilmiş bölgələrimizi inkişaf etdirir. Düşmən tapdağından azad olunmuş torpaqlarda bu gün yeni yollar çəkilir, infrastruktur lahiyələri icra olunur.

Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq.

 Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa vardır. Bu müddəa Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bütün bunlar isə yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır. Ən əsası da Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə aparılan genişmiqyaslı işlər dövlətimizin güc və qüdrətini nümayiş etdirir.

Bu gün hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsinin çoxşaxəli əhəmiyyətindən qürur hissi ilə danışır. Məhz bu şanlı Qələbənin nəticəsidir ki, doğma torpaqlarımız işğalçılardan azad edildi, düşmən torpaqlarımızdan qovuldu. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu. Ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı. Qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bölgə ölkələri də bu yolun tikintisinə böyük maraqla yanaşırlar. Dəmir yol infrastrukturunun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti vardır. Belə ki, bütün bölgə ölkələri ancaq xeyir götürür. Bölgəmizin uzunmüddətli inkişafı, sabitliyi təmin edilir və müharibə riskləri sıfra endirilir. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Rusiyadan Ermənistana dəmir yolu xətti yalnız Azərbaycan ərazisindən keçə bilər. Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranır. İran ilə Ermənistan, eləcə də Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşıb.

Ölkə Prezidentinin də söylədiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma, bərpa-quruculuq işləri mənfur düşmən tərəfindən qısqanclıq hissi ilə qarşılanır. Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla müharibəyə təhrik etməyə çalışırlar.

Dövlətimizin başçısının da vurğuladığı kimi, biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür.

Ölkə Prezidentinin də qeyd etdiyi kimi, biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik. Ən əsası da Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını qaytarmağa məcbur oldu.

Ermənistanın və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər. Lakin Azərbaycan Prezidenti milli maraqlardan çıxış edərək bu təklifləri rədd etdi, Vətən müharibəsi modelini seçdi, ölkəmizi addım-addım qələbəyə hazırladı və "dəmir yumruq əməliyyatı” ilə düşmənə sarsıdıcı zərbəsini vurdu. Ölkə Prezidentinin bildirdiyi kimi, 44 günlük Vətən müharibəsində biz güc, iradə, cəsarət göstərərək istədiyimizə nail olduq. 

Bu gün qazandığımız Qələbə, Zəfərlə yanaşı, biz keçmişdə buraxılan səhvləri də unutmamalıyıq. Yetişməkdə olan gələcək nəsillər bilməlidir ki, Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət sayılan Laçın rayonu da işğal altına düşdü.

Ölkə başçısının da söylədiyi kimi, Laçın rayonunu və Şuşanı satanlar eyni adamlardır. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb, bu xəyanəti edib, bu cinayəti törədib. AXC-nin nəzarəti altında qüvvələr olsa da, Şuşanı boşaltmışdılar. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi, müdafiə olunmurdu. Sonra Laçın rayonunu da satmış, ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəlmişdilər. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik etmişlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!

Ən əsası isə bu gün fəxrlə söyləyə bilərik ki, AXC-Müsavat cütlüyünün satdığı torpaqları biz döyüşərək azad etmişik. Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi cənab Prezident İlham Əliyev Azərbaycan bayrağını həmin torpaqlarda qaldırdı. Əldə etdiyimiz şanlı Zəfərlə bütün dünyaya sübut etdik ki, bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtdıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

GOYEZEN.AZ


Geri qayıt