Əsas Səhifə > Manşet / Şəhidlər > Şəhidlərimizin və qazilərimizin ailələrinə qayğı göstərmək hər birimizin borcudur

Şəhidlərimizin və qazilərimizin ailələrinə qayğı göstərmək hər birimizin borcudur


14-01-2021, 19:29


Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğı bu gün hər birimiz üçün örnəkdir. Dövlətimizin, ölkə başçısının şəhidlərimizə, qazilərimizə olan qayğısı hər bir dövlət məmurunun ən ümdə işi və vəzifəsidir.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayevi və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovu qəbul etməsi, onları dinləməsi, hər iki filialın üzvü olan şəhidlərimizin və qazilərimizin qayğıları ilə maraqlanması bu təbəqədən olan insanlara göstərilən növbəti dövlət qayğısıdır.

Rayon rəhbəri ölkə başçısının şəhidlərimizin və qazilərimizin ailələrinə olan qayğısını əldə rəhbər tutaraq rayonda bundan sonra da onlara göstərilən qayğının olduğu kimi davam etdiriləcəyini bildirib.   

İcra başçısı şəhidlərimizin, o cümlədən Qarabağ müharibəsi əlillərinin hər birinin evlərində olmaları, onları narahat edən qayğıları dinləmələri və bu barədə mütəmadi olaraq aidiyyəti üzrə məlumat vermələrini tövsiyə edib. İstər şəhidlərimizin, istərsə də qazilərimizin ailələrinə qayğı göstərməyin hər birimizn borcu olduğunu bir daha diqqətə çatdırıb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov şəhidlərimizə və qazilərimizə göstərilən dövlət qayğısına görə başda ölkə başçısı olmaqla, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Verilən hər bir tapşırığın, tövsiyənin kökündə şəhidlərimizin və qazilərimizin ailələrinə olan dövlət qayğısının dayandığını qeyd ediblər.

GOYEZEN.AZ


Geri qayıt