Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsindəki igidliyinə görə "Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları təltif olunan qazaxlı şəhid əsgər Sakit Allahverdiyev

Vətən müharibəsindəki igidliyinə görə "Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları təltif olunan qazaxlı şəhid əsgər Sakit Allahverdiyev


6-01-2021, 15:18

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması ilə 2020-ci il Zəfər salnaməsinin yazıldığı il kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun sayəsində Zəfər sevincini yaşayan Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq 2020-ci ili Qələbə ili kimi başa vurdu. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.


Əsgər Allahverdiyev Sakit Şahin oğlu da Vətən müharibəsində uca bir məqama – Şəhidlik zirvəsinə ucalan oğullarımızdandır.

Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş "N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Sakit Allahverdiyev də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.


 

GOYEZEN.AZ


Geri qayıt