Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən Sizə oğul dedi... -

Vətən Sizə oğul dedi... -


22-12-2020, 19:59

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Azərbaycan xalqı bu gün də şanlı Ordumuzun qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Hər kəs müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycanın böyük tarixi Zəfərə, Qələbəyə imza atmasının şahidi oldu. Dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də gizir Abdullayev Sərxan Elxan oğludur.


O, 2 noyabr 1988-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin I sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır.

28.09.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki azyaşlı oğul övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi gizir Sərxan Abdullayevin də xatirəsi hər zaman əziz tutulur. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə və yaxınlarına başsağlığı verir, səbir diləyirik. Ruhu qarşısında baş əyirik.

Məlumat üçün qeyd edək ki, şəhidin qardaşı Elman Abullayev də cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.

 

GOYEZEN.AZ


Geri qayıt