Əsas Səhifə > Manşet / Rəsmi > Dünya Bankı: “Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir”

Dünya Bankı: “Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir”


18-12-2020, 11:55


"Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlib

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən "Doing Business” hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın "Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın "Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.

Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press- relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin "Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir. 

Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların ("elektrik təchizatı şəbəkələrinə qoşulma”, "müqavilələrin icrası”, "sərhəddə ticarət” indikatorları üzrə) "Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur. Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə etmişdir.

Qeyd edək ki, müvafiq düzəlişlərdən sonra "Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən "Dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. Xatırladaq ki, "Doing Business 2019” hesabatında da Azərbaycan "Dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi. Aparılmış müstəqil audit yoxlamalarının nəticəsi olaraq, Azərbaycanın reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat press-relizə əlavədə qeyd edilmişdir.

Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək vermişdir.

"Doing Business” hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut etmişdir.  


Azərbaycanın "Doing Business” hesabatındakı reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat

1. Elektrik təchizatı şəbəkələrinə qoşulma indikatoru üzrə

Bu indikator vasitəsilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə  xarici və yekun qoşulma işləri və s. üzrə islahatların aparılması ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırmış və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olmuşdur. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilmiş və texniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılmışdır. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapmışdır. Qeyd edək ki, müvafiq göstəricilər daha öncə hesabatda, müvafiq olaraq, 7 və 41 gün kimi əks olunmuşdu.

2. Müqavilələrin icrası indikatoru üzrə

"Doing Business” hesabatı "Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artırılmışdır. Bununla da, ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunmuşdur.

3. Sərhəddə ticarət indikatoru üzrə

"Doing Business" hesabatı ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxal və ixrac prosesində üç prosedur qrupu (sənədlərlə bağlı tələblərə əməletmə, sərhəddə tələblərə əməletmə və yüklərin ölkədaxili daşınması) ilə bağlı vaxt və xərcləri qiymətləndirir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində "ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 12, "idxala sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 4, "ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 28,5, "idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 26 saat, "ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları)” sub-indikatoru üzrə xərcin 150 ABŞ dolları kimi olması təsbit olunmuşdur. Qeyd edək ki, müvafiq sub-indikatorlar üzrə göstəricilər daha öncə hesabatda 17, 14, 33, 33 saat və 250 ABŞ dolları kimi qiymətləndirilmişdi.

Beləliklə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə "Sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq etmişdir.

"Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi üzrə yenilənmiş qiymətləndirmə Cədvəli

İndikatorlar

 

Daha öncə nəşr olunmuş hesabat üzrə mövqe

Müvafiq düzəlişdən sonra yekun göstərici

Elektrik təchizatı şəbəkələrinə qoşulma

prosedurların sayı

7

5

müddət (günlər)

41

32

Müqavilələrin icrası

hüquqi proseslərinin keyfiyyəti indeksi

8

10,5

Sərhəddə ticarət

ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)

17

12

- dxala sərf olunan müddət: sərhəd prosedurları (saat)

14

4

ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)

33

28,5

idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)

33

26

ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları)

250

150

Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcəkdir.

GOYEZEN.AZ


Geri qayıt