Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir”

“Cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir”


28-11-2020, 13:22


Azərbaycanın 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi  öz əks-sədası ilə hələ uzun müddət bütün dünyaya səs salacaq. Çünki Azərbaycanın igid, mərd, qəhrəman oğulları 44 günlük bu müharibədə "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdı və sonda qələbə çaldı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun gücü, qüdrəti sayəsində bütün dünya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu gördü. Bütün dövlətlər, xalqlar Azərbaycan xalqının yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq olduğunun şahidi oldu. 

Bu gün hər birimiz 30 illik Vətən həsrətinə son qoyan, şanlı tarix dolu Qələbə sevincini bizə yaşadan möhtərəm Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan Əsgərinə minnətdarıq.

Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, Zəfər təbriklərini çatdırırlar.

Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər. Bunu ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur.

Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. 

Zakir Yunisovdan, 

Müzəffər Ali Baş Komandan İlham Əliyev,

Bütün dünyaya özünü, millətini tanıdan, düşmənlərin öhdəsindən layiqincə gələn qəhrəman Prezidentimiz, Sizi ailə üzvlərim və bütün Qazax əhalisi adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür və cansağlığı, qələbənin daim Sizinlə bir olmasını arzu edirəm.

Cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizi ömürlük Prezident kimi görmək arzusundadır. Sizi istəməyən azərbaycanlı ola bilməz.

Qarabağ bizim dərd yerimiz idi. O problemi də Siz həll etdiniz. Vaxtilə düşmənin beş il ərzində zəbt etdiyi torpaqları Siz 44 gündə geri aldınız. Artıq heç bir çətinliyimiz, problemimiz qalmadı.

Eşq olsun Sizə! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun qardaş Türkiyənin Prezidenti Ərdoğana! Bizə dayaq olan hər kəsə təşəkkür edir, onlarla qürur duyuruq.

Yer üzərində Sizin kimi Prezident olmayıb, olmayacaq da. Siz ömürlük tarixə düşdünüz. Ulu Öndərin ruhu şad oldu.

Cənab Prezident, Siz hər kəsin qeydinə qaldığınız üçün ölkənin başında hər zaman Siz duracaqsınız. Qələbə hər zaman Sizinlə olsun.

Cənab İlham Əliyev, Sizin bütün çıxışlarınızı böyük həvəslə izləyirik. Bütün danışıqlarınız ömürlük yaddaşlara həkk olunub. Millətimiz bir olduğu zaman Vətənimiz basılmaz. Millətimiz daim dəmir yumruq kimi bir olmalıdır.

Müzəffər Ali Baş Komandan! Mən Sizin yolunuzda ölümə belə getməyə hazıram.

Eşq olsun Prezidentimizə!

Hörmətlə,

Yunisov Zakir Sirəc oğlu,

Azərbaycan Respublikası, Qazax rayonu, Aslanbəyli kəndi.


Geri qayıt