Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı ön cəbhəyə döyüşə yollanan çağırışçımızın ailəsini qəbul edib
İcra başçısı ön cəbhəyə döyüşə yollanan çağırışçımızın ailəsini qəbul edib26-10-2020, 14:30 |
Azərbaycanın 27 sentyabr tarixindən başlayan haqq savaşı ölkəmizin hərb tarixinə hər gün yeni qələbələrlə yazılır. Bu gün millətini, xalqını, Vətənini, dövlətini, ölkə rəhbərini sevən hər kəs "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!” deyərək bu haqq savaşında əsl birlik, həmrəylik nümayiş etdirir. Bu gün kimliyindən, tutduğu mövqeyindən asılı olmayaraq hər kəs Vətən, xalq, dövlət deyərək Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda düşmən işğalından azad edilməsini böyük ruh yüksəkliyi ilə qarşılayır. Şanlı Ordumuzun Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyətli mövqeyi və rəhbərliyi altında qazandığı zəfərlər hər kəsi bu haqq savaşında vuruşmağa, döyüşməyə səsləyir. Əli silah tutan hər bir Azərbaycan övladı, oğlu, gənci ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "İrəli!” əmrini canla-başla yerinə yetirməyə, Vətən qarşısında olan borcunu qaytarmağa can atır. Məhz bu səbəbdən Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən cəbhəyə yola düşən gənclərin, çağırışçıların sayı gündən-günə artır. Bu gün Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazaxın da igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətənin dar günündə döyüşə atılan oğullardan biri də Bənnayev Elvin Sabir oğludur. Şəhid qardaşı olan Elvin Bənnayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin çağırışı ilə ön cəbhəyə yollanıb. Əsas amalı 7 noyabr 2002-ci ildə Tərtər istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə borcunu yerinə yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində şəhid olan qardaşı Bənnayev Vüqar Sabir oğlunun və onun timsalında bütün şəhidlərimizin qisasını almaq olan Elvin bu gün ön cəbhəyə yollanmaqla onu amalına doğru aparan bir addım atıb. Üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanması üçün o, da ön cəbhədə vuruşmağı bu gün özünə şərəf və qürur sayır. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizin, əsgərlərimizin ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq da bizim hər birimizin ən ümdə vəzifəsi olmalıdır.
Qazaxda bu amil hər zaman ön planda olub və olmaqda da davam edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hərbçilərimizə qayğı ilə yanaşması, onların ailələrinə baş çəkməsi və yaxud da qəbul etməsi artıq bir ənənəyə çevrilib. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan icra başçısı bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini öz əməli işləri ilə hər zaman nümayiş etdirir. Hər bir hərbçini, əsgəri, onların ailəsini doğması, əzizi hesab edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ön cəbhəyə yola düşən Elvin Bənnayevin anasını və qızını bu gün qəbul etməsi, qayğıları, istəkləri ilə maraqlanması bu dediklərimizin bariz nümunəsidir. Şəhid anası Solmaz Bənnayeva və nəvəsi ilə səmimi söhbət edən icra başçısı Vətənə, dövlətə, ölkə Prezidentinə sadiq oğullar yetişdirdiyinə, övladlarında aşıladığı vətənpərvərlik hissinə görə minnətdarlığını bildirib. Vətən torpaqlarının azad olunması üçün Elvin kimi oğullarımıza ehtiyacın olduğunu və həmin oğulların göstərdikləri şücaət sayəsində qələbələr əldə etdiyimizi qeyd edib. Bu gün onlarla görüşməyi özünə borc bilən rayon rəhbəri daha sonra ailənin qayğıları ilə maraqlanıb.Bir övladı şəhid olan, bir övladı bu gün cəbhəyə yollanan Solmaz Bənnayeva da Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! söyləyir. Bunu rayon rəhbəri ilə görüşü zamanı dilə gətirən ana Ordumuzun qazandığı qələbələri böyük ruh yüksəkliyi ilə qarşıladığını qeyd edib. İşğaldan azad olunmuş torpaqlarla oğlu Vüqarın və bütün şəhidlərimizin qisasının alındığını, onların ruhlarının rahatlıq tapdığını bildirib. Oğlu Elvinin döyüşə getməsini, Vətənin dar günündə Azərbaycanın mərd, igid oğulları ilə çiyin-çiyinə vuruşmasını qürur hissi ilə qarşıladığını bir daha dilə gətirib. Üç oğul anası olan Solmaz Bənnayeva bir oğlunun Vətən uğrunda şəhid olduğunu, bir oğlunun bu gün döyüşə yollandığını bildirib. Yeri gələrsə, o biri oğlunun da ön cəbhəyə gedəcəyini qeyd edib. Solmaz ana Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun daha böyük zəfərlər qazanacağını, qarşıda xalqımızı qələbə müjdəli daha gözəl günlərin gözlədiyini söyləyib. Bir şəhid anası kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edən Solmaz ana bugünkü görüşü də həmin qayğının davamı kimi qiymətləndirib. Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VI sinif şagirdi olan və bu gün atası ön cəbhəyə döyüşə gedən Aytac Bənnayeva da rayon rəhbərinə səmimi ürək sözlərini çatdırıb. Atasının və hərbçilərimizin qələbə qazanmaları, sağ-salamat ailələrinin yanlarına qayıtmaları üçün dua etdiyini vurğulayıb. Bugünkü görüşün onun yaddaşına gözəl bir günün xatirəsi kimi yazıldığını söyləyib. Elvin Bənnayevin anası və qızı ilə ürəkdolusu söhbət edən icra başçısı nəinki Elvinin ailəsinin, eləcə də bütün şəhidlərimizin, ön cəbhədə olan hərbçilərimizin, əsgərlərimizin ailələrinin hər cür diqqət və qayğıya layiq olduqlarını bildirib. GOYEZEN.AZ Geri qayıt |