Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Sizin qətiyyətinizin və Ordumuzun gücü sayəsində bu gün Azərbaycanın ən yeni tarixi yazılır”
“Cənab Prezident, Sizin qətiyyətinizin və Ordumuzun gücü sayəsində bu gün Azərbaycanın ən yeni tarixi yazılır”26-10-2020, 16:25 |
Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşı şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri bir sıra yaşayış məntəqələri ilə hərb tariximizə qızıl hərflərlə yazılır. Hər gün qazanılan qələbə münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubları gündən-günə daha da artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu saysız-hesabsız məktublar ünvanlanır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini də Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. İsmayıl İsmayılovdan, Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Bu günlər sevincimizin həddi-hüdudu yoxdur. Tutduğu mövqedən asılı olmayaraq hər bir azərbaycanlı kimi mən də Sizin və Milli Ordumuzun əsgəriyəm. 30 il ərzində göstərdiyiniz səbir, dözüm, siyasi iradə və güclü ordu quruculuğu sayəsində bu gün Ordumuz zəfər dolu addımlar atır. Bu tarixi günlərimizdə Sizin və xalqımızın mənən yanında olan, qardaş dəstəyi göstərən dövlətlərə, onların rəhbərlərinə sonsuz təşəkkürümü bildirirəm. Sizin də qeyd etdiyiniz kimi Azərbaycan xalqı onların bu mənəvi dəstəyini heç vaxt unutmayacaq. Möhtərəm Prezident, Sizin qətiyyətinizin və Ordumuzun gücü sayəsində bu gün Azərbaycanın ən yeni tarixi yazılır. Bu sadə bir xronologiya deyil, bir millətin milli birlik mücəssəməsi, milli kimlik, fəxarət salnaməsidir. Bu gün azərbaycanlı olmağımızla həmişəkindən daha artıq fəxr edirik. Sizin komandanlığınız altında aparılan haqlı savaşımızla, igidlərimizin qanı bahasına yenidən qazandığımız torpaqlarımızın "Vətən daşı” olmaq, o yurdlara sahib çıxmaq haqqımızdan bizi heç kim məhrum edə bilməz. İnanırıq ki, Sizin qurub-yaratmaq əzminiz işğaldan azad edilmiş yurdlarımızı gülüstana çevirəcək. Artıq öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların yaddaşlarından "qaçqın” sözü silinəcək, onlar öz dədə-baba yurdlarına dönəcək, sönmüş ocaqları yenidən alovlanacaq, yarımçıq qalan arzuları həyata keçəcəkdir. Möhtərəm Prezident, bu hissləri yaşatdığınız üçün Sizə, yenilməz Ordumuza nə qədər təşəkkür etsək də azdır. Bu haqq savaşında Sizə, Ordumuza və xalqımıza həm döyüş meydanında, həm də dünya siyasi arenasında yeni qələbələr, nailiyyətlər arzu edirəm. Fikirlərimi bizə bəxş elədiyiniz qürur dolu anlardan ilhamlanaraq qələmə aldığım bir şeirlə tamamlamaq istəyirəm: Millətin son sözü qılınca döndü, Savaş kimə asan, kimə çətindir. Haqqa göz yumanın çırağı söndü, Sərkərdəm qərarlı, Ordum mətindir. Haydı, qoç igidim, zəfər Sənindir! Boş qalan yurdlara səfər Sənindir. Bizimki təhər döy, təhər Sənindir, Bu savaş haqqındır, ədalətindir! Toplar şahə qalxıb kəhər at kimi, Bu yol gözümüzdə bir murad kimi. Şuşaya, Laçına çat-ha-çat kimi, Millət karvan-karvan düzülüb indi. Hardadı "alovlu” çıxışlar edən? Gendən bu torpağa "baxışlar” edən, Ey sözü kağızda naxışlar edən, İndi həmən meydan qətiyyətindir. Ey Şəhid, ey qazi, bunca dünyada, Yox bundan uca ad, uca dünyada. Ən güclü silah da qoca dünyada, Sənin bu torpağa məhəbbətindir. Dərin hörmət və ehtiramla, İsmayılov İsmayıl Vaqif oğlu. Azərbaycan Respublikası, Qazax rayonu, Daş Salahlı kəndi.
Səkinə Məmmədovadan, Hörmətli Prezident, cənab Ali Baş Komandan! Mən və ailəm Sizinlə fəxr edirik. Qürur duyuruq ki, Sizin kimi mərd, igid dövlət başçımız var. Allahdan Sizə uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. İstəyim budur ki, başladığınız bu şərəfli yolu Qələbə ilə başa çatdırasınız. Vətənimizi düşmən tapdağından qurtarasınız. Allah bu işdə yardımçınız olsun. Vətən, xalq yolunda tutduğunuz yol Sizə uğur versin, cənab Prezident! Hörmətlə, Məmmədova Səkinə Məmməd qızı, Azərbaycan Respublikası, Qazax şəhəri. Geri qayıt |