Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax xəbərləri

Qazax xəbərləri


24-10-2020, 10:59

Respublika mətbuatı Qazax haqqında

İcra başçısı hərbçi anasını ziyarət edib


Müzəffər Azərbaycan Ordusu döyüş meydanında hər gün yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut edirlər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qoruyur və işğalçıları öz torpaqlarımızdan qovur. Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcu olmalıdır. Hər bir ölkə vətəndaşı çalışmalıdır ki, ön cəbhədə vuruşan igid Vətən oğullarının arxa cəbhədə olan ailəsinə, yaxınlarına sahib çıxsın, qayğıları ilə maraqlansın.

"Hər bir hərbçimiz bizim üçün doğmadır, əzizdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hərbçimiz, gizir Cəfərov Xəyyam İsgəndər oğlunun Yuxarı Salahlı kəndində yaşayan anasını ziyarət etməsi dövlətin, ölkə Prezidentinin hərbçilərimizə, onların ailələrinə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir.

Hərbçi anası Cəfərova Nəcibə Elman qızının evində olan icra başçısı Rəcəb Babaşov şanlı Ordumuzun qazandığı qələbədə onun övladının da böyük payı olduğunu bildirib və qələbələr münasibətilə ananı təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xəyyamın və onun timsalında bütün hərbçilərimizin daha böyük zəfərlər əldə edəcəyini qeyd edib. Vətənpərvər övlad böyüdən anaya səmimi ürək sözlərini çatdıran rayon rəhbəri verdiyi tərbiyəyə, övladında aşıladığı Vətən sevgisinə görə minnətdarlığını və razılığını bildirib. Hərbçi anasının qayğıları ilə maraqlanan icra başçısı hərbçilərimizə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.  Hərbçimizin anası Nəcibə Cəfərova bir hərbçi anası kimi övladı ilə qürur duyduğunu söyləyib. Oğlunun timsalında bütün hərbçilərimizə böyük zəfərlər qazanmağı və üçrəngli Azərbaycan Bayrağını tezliklə Qarabağda, Şuşada dalğalandırmalarını arzulayıb. Və həmin böyük tarixi günün çox yaxında olduğunu dilə gətirib. Hərbçi anası kimi ona göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını ifadə edib.

Sərhəd kəndi Fərəhlidə yeni asfalt örtüyü


Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, respublika və yerli əhəmiyyətli yollar yenidən qurulur, ən ucqar dağ kəndlərinə belə yeni yollar çəkilir. Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da uğurla icra olunmaqdadır. Ölkə Prezidentinin qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.

Rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşən Fərəhli avtomobil yolunun da əsaslı şəkildə təmir olunmasına böyük ehtiyac vardı. Kənd sakinlərinin müraciəti əsasında Qazax Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilən Fərəhli yoluna bu gün yeni asfalt örtüyü vurulur. Ölkə Prezidentinin 10 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsi bir daha onu göstərir ki, bu sahədə görülən işlər bundan sonra da uğurla davam etdiriləcək. Ən əsası da Fərəhli kəndinə yeni yolun çəkilməsi bir daha onu sübut edir ki, dövlətin və dövlət başçısının sərhəddə yaşayan vətəndaşlara olan qayğısı bundan sonra da davamlı olacaq. Yeni çəkilmiş asfalt yolun yol yatağı 9-12 metr enində genişləndirilib. Hazırda yeni asfalt örtüyünün vurulması uğurla davam edir.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

24 oktyabr 2020-ci il


Geri qayıt