Əsas Səhifə > Manşet / Sosial > Sərhəd kəndi Fərəhlidə yeni asfalt örtüyünün vurulması davam edir –

Sərhəd kəndi Fərəhlidə yeni asfalt örtüyünün vurulması davam edir –


20-10-2020, 17:28


Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, respublika və yerli əhəmiyyətli yollar yenidən qurulur, ən ucqar dağ kəndlərinə belə yeni yollar çəkilir.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da uğurla icra olunmaqdadır. Ölkə Prezidentinin qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, CəfərliDaş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.

Rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşən Fərəhli avtomobil yolunun da əsaslı şəkildə təmir olunmasına böyük ehtiyac vardı. Kənd sakinlərinin müraciəti əsasında Qazax Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilən Fərəhli yoluna bu gün yeni asfalt örtüyü vurulur. Ölkə Prezidentinin 10 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsi bir daha onu göstərir ki, bu sahədə görülən işlər bundan sonra da uğurla davam etdiriləcək. Ən əsası da Fərəhli kəndinə yeni yolun çəkilməsi bir daha onu sübut edir ki, dövlətin və dövlət başçısının sərhəddə yaşayan vətəndaşlara olan qayğısı bundan sonra da olduğu kimi davam edəcək.

Yeni çəkilmiş asfalt yolun yol yatağı 9-12 metr enində genişləndirilib. Hazırda yeni asfalt örtüyünün vurulması uğurla davam edir.

Sakinlər kənd yolunun əsaslı təmir olunması xəbərini bu gün də razılıq hissi ilə qarşılayırlar. Ölkə başçısına kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı imzaladığı sərəncama görə bir daha təşəkkürlərini çatdırırlar. Kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı qaldırdıqları məsələnin müsbət həllini tapmasında, aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmasında əziyyəti keçən Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidova və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. Bu gün düşmənlə üz-üzə dayanan fərəhlilərin hər zaman ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və dəstəklədiklərini dilə gətirirlər.




 

GOYEZEN.AZ


Geri qayıt