Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda uşaq bağçalarının açılması ilə əlaqədar videokonfrans keçirilib və bağça müdirlərinə tapşırıq verilib

Qazaxda uşaq bağçalarının açılması ilə əlaqədar videokonfrans keçirilib və bağça müdirlərinə tapşırıq verilib


12-09-2020, 10:47


Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda şəhər və kəndlər üzrə fəaliyyət göstərən bağça müdirlərinin iştirakı ilə videokonfrans keçirilib. RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyevanın və Teybə Hüseynovanın iştirakı ilə təşkil olunan videokonfransdaNazirlər Kabinetinin müvafiq Qərarından irəli gələn məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qazax RİH başçısı aparatında baş məsələhətçi Teybə Hüseynova çıxış edərək keçirilən videokonfransın məqsədindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərdən söz açıb. T.Hüseynova qeyd edib ki, bu gün dövlət başçısının rəhbərliyi altında koronavirus pandemiyasına qarşı həyata keçirilən məqsədyönlü tədbirlərin və əldə edilən uğurlu nəticələrin sayəsində bəzi yumşalmalar mümkün olmuş, eləcə də körpələr evi-uşaq bağçalarının açılması mümkün olmuşdur. T.Hüseynova hazırki vəziyyətlə əlaqədar bütün bağça müdirlərinin, eləcə də çalışan hər bir işçinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinin birmənalı şəkildə yerinə yetirilməsinə, bağçalarda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməsinə Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən daim nəzarət olunacağını diqqətə çatdırıb.

 

İcra hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsində dezinfeksiya işlərinin aparıldığını vurğulayan T.Hüseynova bu işlərin mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib. Bundan əlavə, uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlərin görülməsini, otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqətin artırılmasını bildirib. İşçi heyətin hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılmasının, maarifləndirmənin, hər bir bağçanın girişində məlumat lövhələrinin, xüsusi dezinfeksiyaedici məhlulların, gigiyenik vasitələrin qoyulmasının və mütəmadi olaraq istifadə olunmasının, hər gün bağçaya gələn işçi heyətin və uşaqların temperaturunun ölçülməsinin, tərbiyəçilərin tez-tez valideynlərlə əlaqə saxlamalarının, bağçaya kənar şəxslərin daxil olmasına nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edib. Bağça müdiri başda olmaqla, işçi heyətin tibbi maskadan istifadə etməsini, sosial məsafənin saxlanılmasını, xüsusilə də məşğələ zamanı ciddi şəkildə əməl edilməsini vurğulayıb. Uşaqların qidalanmasına, ərzaqların keyfiyyətinə, bişirilmə və istifadə qaydasına nəzarəti daha da gücləndirməli olduqlarını qeyd edib. Qeyd edilən bütün məsələlərlə bağlı ciddi tapşırıqlarını verib.

Qazax RİH başçısı aparatında baş məsələhətçi Gülnar Quluyeva çıxış edərək bağça müdirlərinə işlərində uğurlar arzulayıb. G.Quluyeva ölkəmizdə, eləcə də rayonda pandemiya ilə mübarizə tədbirlərində görülmüş işlərdən danışaraq bu sahədə bundan sonra da məsuliyyətli olmağı bir daha vurğulayıb. Qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir və onların sağlam gələcəyi naminə bundan sonra da var qüvvəmizlə çalışmalı, pandemiya ilə mübarizə tədbirlərinə dəstək olmalı və öz töhfəmizi verməliyik.

Qazaxbəyli kənd uşaq bağçasının müdiri Gözəl Allahverdiyeva çıxış edərək verilən tapşırıqlardan hər bir bağça müdirinin və kollektivinin nəticə çıxarmağını, əl-ələ verərək pandemiya ilə mübarizədə virusa qalib gəlmək üçün daha məsuliyyətlə çalışmağı tövsiyə edib. Uşaqların sağlamlığı naminə hər kəsin bu işdə səfərbər olacağını bildirib və həmkarlarına uğurlar arzulayıb.  

GOYEZEN.AZ


Geri qayıt