Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax indi təkcə aqrar yox, həm də sənaye rayonudur

Qazax indi təkcə aqrar yox, həm də sənaye rayonudur


6-09-2020, 14:55

Respublika mətbuatı Qazax haqqında


İcra başçısı mənə deyir ki, Daş Salahlı kəndində üç böyük müəssisə var. Bu müəssisələrdə 1300 adam işləyir. Kəndin əhalisinin sayı 10 mindir, 1300-ü burada işləyir. Bax, budur bizim gördüyümüz işlər və sahibkarların gördüyü işlər.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

Vaxt var idi bu yerlərdə sənaye müəssisəsini barmaqla göstərirdilər. Qazax hara, zavod-fabrik, istehsal hara. Adda-budda kəndlərdə şərab istehsalı ilə məşğul olan bir-iki zavod fəaliyyət göstərirdi ki, onlar da 90-cı illərin əvvəllərindən başlayaraq yavaş-yavaş sıradan çıxmışdı. Təbii ki, adamlar da iş yerlərini itirmişdilər. Sənaye müəssisəsi deyəndə, adda-budda yerlərdə imkanlı adamların əlində olan daş karxanaları, digər kustar sexlər yada düşürdü ki, oralarda da onların öz qohum-əqrabaları işləyirdi.

Bəs nə etməli? Necə etmək lazımdır ki, ölkədə kifayət qədər həm iş yerləri yaradılsın, həm də zəngin yataqlar araşdırılsın, onun xammalı ilə işləyən istehsal təmayüllü müasir müəssisələr işə düşsün? Bu sual ölkə Prezidenti İlham Əliyevi həmişə düşündürürdü. Bu mənada Qazax da istisna olmayıb. Çünki Qazaxın təbii sərvətləri, yataqları o qədər zəngindir ki, onları istifadəsiz qoymaq, istehsal sahələrinin yaradılması ilə bağlı düşünməmək, əməli iş görməmək qeyri-mümkün idi. Bilmirəm, Qazaxın Daş Salahlı kəndində olmusunuzmu. Unikal bir kənddir. Əhalisinin sayı 10 min nəfəri ötüb. Bu kəndin təbii sərvət baxımından nəyi yoxdur ki?! Kəndin ərazisi əhəng daşı, gil-bentonit, sement xammalı və digər təbii sərvətlərlə zəngindir. Lakin bu sərvətlərdən 2007-ci ilə kimi necə istifadə olunurdu? Yuxarıda qeyd etdiyimiz kimi, bir-iki daş karxanası, kustar emalatxananın hesabına burada iş görülürdü. Böyük bir kənddə, demək olar ki, iş yerlərini barmaqla saymaq olardı. Bəs nəyə görə 2007-ci ili xatırlatdıq? Çünki 2007-ci ilin mayın 30-da ölkə Prezidenti ilk dəfə Daş Salahlı kəndinə gəldi və məhz bu səfər dövlət başçımızın Qazaxda yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidenti sonralar daha iki dəfə bu kəndə gəlib və başqa profilli müəssisələrin açılışında iştirak edib ki, bu barədə də aşağıda geniş məlumat verəcəyik. Qayıdaq Daş Salahlıda açılan ilk sənaye müəssisəsinə. Bu, əslində, Azərbaycan-Rusiya birgə müəssisəsidir və 2006-cı ildə təsis edilib. "AzRosPromİnvest” MMC Azərbaycanda yeganə müəssisədir ki, yüksək keyfiyyətli bentonit gil hasilatı və emalı ilə məşğuldur. Elə onun əsasında burada müxtəlif məhsullar istehsal edir. Müəssisənin xammal bazası kəndin yaxınlığında yerləşən unikal bentonit gil yatağıdır. Müəssisənin ərazisində 3 korpusdan ibarət zavod mövcuddur: ilkin emal xətti, dənəvər bentonit istehsalı xətti və bentonit tozu istehsalı xətti. Zavodun baş direktoru Ələddin Sadıqov deyir ki, hazırda burada 3 növ bentonit gili istehsal edilir. İllik istehsal gücü 480 min ton olan aktivləşdirilmiş bentonit gili, illik istehsal gücü 48 min ton olan dənəvər bentonit və illik istehsal gücü 48 min ton olan bentonit tozu. Müəssisənin illik satış gücü 140 min ton aktivləşdirilmiş bentonit gili, 30 min ton dənəvər bentonit, 25 min ton bentonit tozundan ibarətdir. Direktor əlavə etdi ki, müəssisənin xarici satış bazarı əsasən Rusiya Federasiyası, Polşa, Cənubi Koreya, İtaliya, Yaponiya dövlətləridir. Hazırda müəssisədə 205 nəfər işçi çalışır. Qeyd edək ki, qabaqcıl elmi-texniki nailiyyətlərə və müasir istehsal potensialına əsaslanaraq "AzRosProminvest” MMC MDB ölkələrinin bentonit bazarında aparıcı yer tutur və Avropa Birliyinə məhsulun ixracını həyata keçirir. Məlumat üçün bildirək ki, Daş Salahlıdakı yataqda bentonit gilinin ehtiyatı 83 milyon tondur.

Rayonda digər nəhəng sənaye müəssisəsi Qazax sement zavodudur. İldə 1 milyon ton sement istehsal edir və Azərbaycanın qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. Ölkə Prezidenti bu zavodun da açılışında iştirak etmiş, öz xeyir-duasını vermişdir. Zavod Azərbaycanda ilk müəssisə olmuşdur ki, 2015-ci ildə Gürcüstana sement və klinker ixraс etməyə başlamışdır. "Qazax Sement Zavodu” MMC Daş Salahlı kəndində Avey dağının ətəyində, əhəng daşı yataqlarının yaxınlığında yerləşir. Zavod Gürcüstan Respublikasından 30 kilometr, Ermənistandan isə cəmi 8 kilometr məsafədə yerləşir. Qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal etməklə yanaşı, zavodun respublikanın regionlarında 8 beton zavodu və qum-çınqıl karxanaları da fəaliyyət göstərir. Daş Salahlıdakı zavod və regionlarda fəaliyyət göstərən digər beton zavodları və qum-çınqıl karxanaları da nəzərə alınmaqla şirkətdə 700-dən çox əməkdaş çalışır. Zavodda yerli mütəxəssislərlə yanaşı, istehsal, keyfiyyətə nəzarət və digər sahələrdə Almaniyadan dəvət olunmuş mütəxəssislər də işləyir. Zavod istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir. Müəssisə yaradılmış infrastruktur və çoxşaxəli logistika sistemindən istifadə edərək Azərbaycanın istənilən ərazisinə sement-klinker satışını həyata keçirir. Zavodun əsas üstünlüklərindən biri sement istehsalı üçün tələb olunan xammal bazasının həm yaxınlıqda yerləşməsi, həm də zəngin və yüksək keyfiyyətli olmasıdır. Məlumdur ki, sement istehsalının əsas xammalı əhəngdaşıdır. Burada hasil edilən əhəngdaşı sement istehsalı baxımından Azərbaycanda ən keyfiyyətli əhəngdaşıdır. Bu əhəngdaşı yataqlarının sahəsi 135 hektar, ehtiyatı isə 196 milyon tondur və zavoddan 2-5 kilometr məsafədə yerləşir. Digər zəruri xammal olan gil yataqları isə zavoddan 5-8 kilometr aralıdadır. Sement istehsalı üçün digər lazımi materiallar olan gips və dəmir filizi tozu isə müvafiq olaraq Goranboy və Daşkəsəndə yerləşən hasilatçı müəssisələr tərəfindən təmin edilir. Müştərilərə daha üstün xidmət göstərilməsi üçün zavodun respublikada ilk dəfə istifadəyə verilmiş mobil beton laboratoriyası fəaliyyət göstərir. 2019-cu ildə aparılmış islahatlar və istehsalata yönəldilmiş investisiya nəticəsində zavodda yeni avadanlıqlar quraşdırılaraq, istehsal gücü artırılmış, qaz və işıq sərfiyyatı azaldılaraq, Avropa ölkələrinin sement zavodlarının sərfiyyatlarına uyğunlaşdırılmışdır. "Qazax Sement Zavodu” MMC regionun sosial – iqtisadi inkişafına da daim öz dəstəyini göstərməkdədir. Belə ki, Tovuz rayonunda inşa olunan ABAD layihəsi çərçivəsində Qazax Sement Zavodu MMC-nin sponsorluğu ilə "Bitkilərin qurudulması və emalı müəssisəsi” tam inşa edilərək bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Zavod Azərbaycan Güləş Federasiyası ilə sponsorluq müqaviləsi bağlayaraq Tovuz güləş klubunun maddi-texniki təchizatını da həyata keçirmişdir. Zavodun həyata keçirdiyi digər bir layihə çərçivəsində regionda yaşayan orta təhsilli gənclər təcrübə proqramı çərçivəsində zavodda işlə təmin edilmişdir. Daş Salahlı kəndində gördükləri iş isə hamını razı salır. İndiyədək kənddə iki bağçanın tamamilə yenidən qurulub istifadəyə verilməsini həyata keçirdikdən sonra bu günlərdə daha bir bağçanın, 1 nömrəli uşaq bağçasının da yeni binasının tikintisinə başlamağı öhdəsinə almışdır. Rayon rəhbərliyinin və zavod nümayəndələrinin iştirakı ilə inşa olunacaq sahəyə baxış keçirilmiş, layihə ətrafında fikir mübadiləsi aparılmışdır. Zavod rəhbərliyi Qazax rayonunun sərhədyanı kəndlərində yaşayan şəhid ailələri və aztəminatlı ailələrə daim baş çəkir, bayram və əlamətdar günlərdə onlar ziyarət olunur, bayram payları və s. verilir. 2019-cu ilin aprelində Londonda Birləşmiş Krallığın Nailiyyətlər Forumunun keçirdiyi təltif mərasimində "Qazax Sement Zavodu” MMC "Ən yaxşı regional müəssisə”, MMC İdarə Heyətinin sədri Vüqar Süleymanov isə "İlin meneceri” seçilmişdir.

Qazax rayonunda yeni fəaliyyətə başlayan və "Mətanət A” şirkətinə məxsus "Azerlime” əhəng zavodunun da işindən söhbət açmamaq mümkün deyil. İş elə gətirdi ki, regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayan bu müəssisənin açılışı dünyanı cənginə alan pandemiyanın başlandığı dövrə düşdü. Cari ilin martında ölkə Prezidentinin iştirakı ilə fəaliyyətə başlayan və rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə inşaat materiallarının istehsalı sektorunda 20 ildir ki, uğurla fəaliyyət göstərir. Perspektiv layihələrdə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi də nəzərdə tutulur. Bu zavodların yaradılmasına, bütövlükdə, 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq. Zavodda əsasən yerli xammaldan istifadə olunur və hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulub. Bu müəssisədə istehsal olunan keyfiyyətli əhəng məhsulundan metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, səhiyyə, kimya, plastik məmulat, şüşə və mədən sənayeləri kimi vacib sektorlarda istifadə edilir. Zavodda istehsal olunan yeni növ "Azerlime” suvaq üçün əhəng məhsulu inşaat sektorunda inqilabi yenilikdir. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində, məhsulun maya dəyərini aşağı salır.

 

Qazaxda sənayenin inkişafından yazarkən xalçaçılıqdan söz açmamaq mümkün deyil. Çünki Qazax daim özünün xalçaları ilə dünyada tanınıb. Ümumiyyətlə, Qazax xalçaçılığa üstün istiqamət verilən bölgələrimizdən biridir. Vaxtilə burada hər xalçanın toxunuşu əsl el bayramına, mühüm hadisəyə çevrilib. Qazaxın Abbasbəyli, Ağköynək, Daş Salahlı, Canalı, Cəfərli, Çaylı, Xanlıqlar, Kosalar, Qazaxbəyli kəndlərində "Ulduzlu Qazax”, "Qarayazı”, "Qaraqoyunlu”, "Ləmbəli”, "Faxralı”, "Çəlikli”, "Karvansara”, "Qaraçöp”, "Çərxi-fələk”, "Namazlıq” kimi xalça, palaz, kilim və digər bu kimi xalçalar toxunub. Maraqlıdır ki, "Azərxalça”ASC-nin Qazax filialı açılarkən ilk növbədə məhz həmin kəndlərin və Qazax şəhərinin sakinlərinə üstünlük verilib. Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça filialları fəaliyyət göstərir. Ölkə başçısı həmişə vurğulayır ki, bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Qazaxdakı xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. "Azərxalça” MMC-nin Qazax filialının rəisi Razim İbrahimovla söhbət zamanı öyrəndik ki, o, özü də, valideynləri də, elə ulu babaları da xalçaçılıqla məşğul olublar, onun incəliklərini dərindən bilirlər. O, dedi ki, filialın kollektivi ölkə Prezidentinin müəssisəyə gəlib onun işi ilə maraqlanması, iş şəraiti ilə yaxından tanış olması hər bir xalçaçını hədsiz ruhlandırmışdır.

– Əslində, xalça toxumaq böyük sənət aləminə baş vurmaqdır. Digər tərəfdən, bu işlə məşğul olan adamlarda elə maraqlı, müsbət keyfiyyətlər formalaşır ki, məəttəl qalırsan. İstənilən əsəb xəstəsi, çox yox, ikicə ay xalça toxunuşu ilə məşğul olsun, o, tamam sağalacaq… Filial rəisinin bu arqumentləri bizi də maraqlandırdı. Amma toxucuların işini yaxından izləmək mümkün olmadı. Hazırda koronavirusa görə sexlərdə sakitlikdir. Lakin yaxın günlərdə filial yenidən öz qaynar həyatına qatılacaq. İndi burada inzibati-texniki işçilər də daxil olmaqla 160 nəfər çalışır. İşçiləri filiala onlar üçün ayrılmış xüsusi avtobuslar gətirib aparır. Qazaxda iş görmək istəyən xarici və yerli şirkətlər çoxdur. Məsələn, iki il qabaq Türkiyənin məşhur "Gedik-Carçı” şirkəti Azərbaycanda ilk dəfə elektrod zavodu inşa etdi, yeni iş yerləri yaradıldı. Maraqlı, həm də fəxr ediləsi bir haldır ki, bu şirkət ilk xarici sərmayəsini məhz Azərbaycana yatırıb. Gələcəkdə bu sərmayənin həcminin 30 milyon manatadək artırılacağı haqqında məlumat verilib. Qazaxın aqrar rayon olmaqla yanaşı, həm də artıq sənaye rayonuna çevrilməsini konkret rəqəmlərdə də görmək mümkündür. Bir fikir verin, görün beş-on il qabaq bu qədər sənaye məhsulu istehsal etmək mümkün idimi? Keçən il rayonda müəsisələr tərəfindən 36622 ton tikinti daşı istehsal olunub və hamısı satılıb. Əmtəəlik gil istehsalı 201722 ton olmuş, 177609 ton gil satılmış və 2020-ci ilin yanvar ayının 1-nə əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 168555 ton gil, 10,7 min dekalitr təmiz spirt, 44,4 ton dondurulmuş meyvə tərəvəz qalığı olmuşdur. İl ərzində 120 kvadratmetr xalça, mebel istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 2880 ədəd yataq mebel dəsti, 3328 ədəd qonaq otağı üçün mebel istehsal olunub satılmışdır. Konservləşmiş meyvə-tərəvəz istehsalı 135 ton, satışı isə 181,4 ton olmuşdur. Sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 36,2 faiz artaraq 454,9 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 437,2 manat, qeyri-dövlət sektorunda isə 464,3 manat təşkil etmişdir.

 

Bu, bir fakdır ki, ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsində bu gün Qazax sənayenin inkişaf etdiyi regiona çevrilib. Özü də bu işlər ölkə başçısı tərəfindən o qədər ustalıqla, məntiqlə həyata keçirilib ki, illər keçəcək bu açılan müəssisələrin faydası nəsildən-nəsilə ötürüləcək və bu yolun nə qədər düzgün və ağıllı düşünülmüş yol olduğu bir daha bilinəcək. Yəqin fikir verdiniz, Azərbaycan Prezidenti regionlarda infrastrukturu yaxşılaşdırmadan nə xarici iş adamlarına müraciət etdi, nə də yerli sahibkarlara. "Qazax rayonunda elektrik enerjisi ilə bağlı problem yoxdur, 100 faiz təmin olunub. Qazlaşdırma ilə bağlı da problem yoxdur. Qazax rayonu qazla 100 faiz təmin edilib. Bu gün Qazaxda yolların 85 faizi təmirlidir. Əgər bu sahələrdə problem olsaydı, heç bir sahibkar buraya gəlib pul qoymazdı, o cümlədən də siz. Başqa yer tapardınız, gedərdiniz başqa ölkələrə, harada ki, bu infrastruktur var. Ona görə bunu biz yaratmışıq ki, insanlar yaxşı, rahat yaşasınlar və sahibkarlar vəsait qoysunlar”. Dövlətimizin başçısının Qazaxda bu ilin martında dediyi sözlərdir. Doğrudan da, Qazax bu gün ən inkişaf etmiş rayonlardan birinə çevrilib. Hazırda böyük bir layihənin – su və kanalizasiya xəttinin çəkilişinin icrası sürətlə gedir. Burada bəzi yerlərdə müşahidə etdiyimiz kimi qazılan yollar, binaların həyətləri uzun müddət açıq, bərbad vəziyyətdə saxlanılmır. Çünki bu işlərə Rayon İcra Hakimiyyətinin başçısı şəxsən nəzarət edir. Çəkiliş qurtaran kimi asfalt işləri görülür, nümunəvi məhəllələr yaradılır, yaşayış binalarının həm daxili, həm də xarici görünüşü yenilənir. Rəcəb müəllim deyir ki, istər kənd təsərrüfatında çalışan olsun, istərsə də sənaye müəssisəsində, o, ilk növbədə Qazax sakinidir. Ona görə də onun məişət şəraitindən tutmuş iş şəraitinə kimi rayon icra hakimiyyətinin diqqətində olmalıdır. Onu da qeyd edək ki, Rəcəb Babaşov yuxarıda söhbət açdığımız sənaye müəssisələrinə tez-tez baş çəkir, problemləri, işləri ilə maraqlanır, işçilərin müraciətini dinləyir, yeri gələndə öz kömək əlini uzadır.

– Qazax cənab Prezidentimizin öz əlləri ilə qurduğu, inkişaf etdirdiyi məkandır. Bunu rayonda hamı bilir və hədsiz minnətdarlığını bildirir. Gərək bu etimadı biz də vicdanlı işimizlə doğruldaq...

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

6 sentyabr 2020-ci il



Geri qayıt