Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub

Qazaxda 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub


3-09-2020, 20:22


Bu gün Qazaxda 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarından irəli gələn məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri və Rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən aparılan müzakirədə görülməsi vacib olan bir sıra məsələlərə toxunulub.

2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrinə buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkil olunması, Pandemiya ilə əlaqədar şagirdlərin dərsə başlamalarının növbəli şəkildə tənzimlənməsi, şagirdlərin siniflərdə yerləşdirilməsinin tənzimlənməsi, məktəbə daxil olan hər bir müəllimin və şagirdin temperaturunun ölçülməsi üçün aparatların, siniflərdə dezinfeksiyaedici məhlulların təşkil edilməsi, şagirdlərin temperaturlarını ölçmək üçün şəxslərin ayrılması, tibbi maskadan istifadənin nəzarətə götürülməsi və ehtiyat maskaların təşkili, Pandemiya qaydalarına necə əməl edilməsi ilə əlaqədar məktəbdə və siniflərdə maarifləndirici lövhələrin hazırlanması və vurulması, məktəblərin su və istilik sisteminin nəzarətdə saxlanması və s. məsələlər müzakirə edilib. Rayon rəhbərliyi tərəfindən Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlıya və digər əməkdaşlara aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazaxda da uğurla icra olunur."Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bunun əyani sübutudur. Bu, Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə olan qayğının daha bir bariz nümunəsidir. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, yenə də Fond tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikilməsi, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanan 5 mart, daha sonra məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanmış Sərəncama dəyişiklik edilərək sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam Qazax təhsilinə və gələcəyimiz olan uşaqlara olan dövlət qayğısı deməkdir. Bu gün hər bir qazaxlı təhsil işçisi təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlıq edirlər.

GOYEZEN.AZ


Geri qayıt