Əsas Səhifə > Manşet / Şəhidlər > Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir


24-07-2020, 13:02


İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirildi. Bu, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Təqdimat mərasimində də qeyd edildiyi kimi, dövlət tərəfindən həmin binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verildi. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə, bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Onu da deyək ki, təqdim olunan avtomobillər yerli istehsal olan "Khazar LX” avtomobilləridir. Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub. Bütün bu sadaladıqlarımız Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə olan qayğının əyani göstəricisidir.


Ölkə Prezidenti cənab İlham Əliyevin də nitqində söylədiyi kimi, "Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub”.

Dövlət başçısının da söylədiyi kimi, "Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur”. Ölkə başçısı qeyd edib ki, "Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il "Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – "Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir”.

Ölkə rəhbərinin də dediyi kimi, "Sosial sahədə də çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub”.


Ölkə başçısı koronavirus (COVID-19) pandemiyası dövründə görülmüş işlərdən də danışıb. Yeni modul tipli xəstəxanaların tikildiyini, xəstələrin dərmanlarla təchiz edildiyini bir neçə xarici ölkədən mütəxəssislərin, həkimlərin cəlb edildiyini vurğulayıb.

Ölkə başçısı bildirib ki, "Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il  90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur”.

Dövlət başçısı qeyd edib ki, "Pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə də sevinir, istəyirlər ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın”. Düşmən isə anlamır ki, bu gün Azərbaycan dünya dövlətləri arasında həm söz sahibi olan, həm də güclü dövlət kimi tanınır. Bu gün hər kəs yaxşı bilir ki, Azərbaycanın bugünkü gücünün, şan-şöhrətinin arxasında ulu öndər Heydər Əliyevin dövlət və xalq üçün göstərdiyi misilsiz xidmətlər, ölkənin inkişafı naminə həyata keçirdiyi çoxsaylı layihələr dayanır. Bu gün hamı onu da yaxşı bilir ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər. Lakin bu heç zaman mümkün deyil. Çünki Azərbaycan güclü dövlətdir və onu bütün dünyada layiqincə tanıdan, təmsil edən güclü lideri var.


Dövlətimizin başçısı nitqində son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən, Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli cavabdan da söz açıb. Ölkə rəhbəri qeyd edib ki, "Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib”.

Ölkə Prezidenti xalq-ordu birliyindən, həmrəyliyindən söz açaraq qeyd edib ki, "Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var”.

Bəli, ölkəmizdə olan birliyi, həmrəyliyi, xalqın öz dövlətinin, ölkə rəhbərinin yanında olduğunu, güclü, qüdrətli Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə arxalandığının şahidi oluruq. Bunu ölkə başçısına ünvanlanan məktublarda səslənən fikirlərdən də aydın şəkildə görmək olur. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazıldı.


Ölkə rəhbərinin də vurğuladığı kimi, "Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq”. Azərbaycan son günlər yaşadığı çətin zamanda təkcə xalq tərəfindən dəstək görmədi. Qonşu qardaş ölkələr də Azərbaycana dəstək nümayiş etdirdi. Bu günlərdə heç vaxt olmadığı qədər - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstərdilər.

Ölkə başçısı BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyindən də danışıb. Qeyd edib ki, "Qoşulmama Hərəkatı burada 120 ölkə cəmləşir - birmənalı Azərbaycanı dəstəklədi. 57 ölkə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Buna görə də necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb”.

Ölkə başçısı bildirib ki, "Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi. KTMT-nin 6 üzvündən 3-ü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi”.

Ölkə başçısı öz çıxışında bir daha vurğuladı ki, "Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”.





 

GOYEZEN.AZ


Geri qayıt