Əsas Səhifə > Manşet / Şəhidlər > Millət vəkili Səməd Seyidov və Ombudsman Səbinə Əliyeva şəhid mayor Namiq Əhmədovun ailəsini ziyarət ediblər

Millət vəkili Səməd Seyidov və Ombudsman Səbinə Əliyeva şəhid mayor Namiq Əhmədovun ailəsini ziyarət ediblər


14-07-2020, 22:27


İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçusu,
rayonunun Yuxarı Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlu da şəhid olub. Bu gün Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – mayor Əhmədov Namiq Hajan oğlu doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.  

Milli Məclisin deputatı Səməd Seyidov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəhidin doğulduğu Yuxarı Salahlı kəndində olub, ailəsini ziyarət ediblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə şəhidimizin ailəsinə baş çəkən deputat və Ombudsman son günlər cəbhədəki vəziyyətdən və Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, qəhrəmanlıqdan söz açıblar. Şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyiblər.

Deputat Səməd Seyidov və Ombudsman Səbinə Əliyeva qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərin qanının yerdə qalmayacağını, qisaslarının alınacağını bildiriblər. Namiq Əhmədov kimi mayorlarımızın, hərbçilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Ordusunun hər zaman zəfər çalacağını qeyd ediblər. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli!” əmrini gözləyən Azərbaycan Ordusunun qələbə qazanacağı günün uzaqda olmadığını bir daha qeyd ediblər.

Övladı ilə fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.


GOYEZEN.AZ


Geri qayıt