Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı mobil qrup üzvləri ilə birlikdə maarifləndirmə tədbirində iştirak edib

Qazaxda icra başçısı mobil qrup üzvləri ilə birlikdə maarifləndirmə tədbirində iştirak edib


4-07-2020, 15:44


Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən genişmiqyaslı tədbirlər Qazaxda da uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri birmənalı şəkildə yerinə yetirilir. Habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri mütəmadi olaraq davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər biri 5 nəfərdən ibarət 30 mobil qrup da yaradılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev və mobil qrupun üzvləri ilə birlikdə rayonda həyata keçirilən maarifləndirmə tədbirində iştirak edib.  

Mərkəzi bazarda, iri ticarət obyektlərindən "Universam”da, "Nərgiz” və "Mega mall”da olan rayon rəhbərliyi əhali arasında profilaktik-maarifləndirici söhbətlər aparıblar.

 

"Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq hər bir vətəndaşın borcudur”, - deyən icra başçısı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə hər kəsin əməl etməli olduğunu bildirib. Vətəndaşlara koronavirusla mübarizədə ictimai nəzarəti gücləndirməyi, toplu halında yığışmamağı, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə etməyi, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi, sosial məsafə saxlamağı, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etməyi tövsiyə edib.

Rayon rəhbəri bu günə kimi pandemiya ilə mübarizədə görülən işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığını bildirib. COVID-19-la mübarizədə kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu məsələyə məsuliyyətlə yanaşmasını, əsl birlik, həmrəylik nümayiş etdirməsini və dəstək olmasını bir daha vurğulayıb. İcra başçısı qeyd edib ki, əgər bu gün ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanırsa, vətəndaşlar da üzərinə düşən işin məsuliyyətini dərk etməli və öz əməli işləri ilə göstərməlidirlər.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən sakinlər ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işləri yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərinin bu cür addımını razılıqla qarşılayan sakinlər hər zaman onların yanında olduğuna, qayğıları ilə maraqlandığına və belə çətin vəziyyətdə də onları tək qoymadığına görə təşəkkürlərini çatdırıblar. Bugünkü maarifləndirmə tədbirini də onlara göstərilən qayğının daha bir bariz nümunəsi kimi qeyd ediblər.

Maarifləndirmə zamanı tibbi maskadan istifadə etməyən, edilən xəbərdarlıqlara məhəl qoymayan, verilən tapşırıq və tövsiyələri yerinə yetirməyən hər bir vətəndaş barəsində ciddi tədbirlər görüləcəyi də diqqətə çatdırılıb. Həmçinin mobil qrup üzvləri tərəfindən tibbi maskadan istifadə etməyən sakinlərə nümunə olaraq maska paylanılıb və xəbərdarlıq olunub.







 










 

GOYEZEN.AZ


Geri qayıt