Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı “AzRosPromİnvest” MMC-də olub

İcra başçısı “AzRosPromİnvest” MMC-də olub


3-07-2020, 22:59


Hər kəsə yaxşı məlumdur ki, son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafı istiqamətində məqsədyönlü işlər görülür. Rəqabət qabiliyyətli müasir sənaye sahələri yaradılır, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilir, xeyli iş yerləri açılır, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyur.

Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2007-ci ilin 30 mayında Daş Salahlı kəndində istifadəyə verilən "AzRosPromİnvest” MMC də yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Rusiya birgə müəssisəsi "AzRosPromİnvest” 2006-cı ildə təsis edilib. Bu gün "AzRosPromİnvest” MMC Azərbaycanda yeganə müəssisədir ki, yüksək keyfiyyətli bentonit gili hasilatı və emalı ilə məşğuldur və onun əsasında müxtəlif məhsullar istehsal edir. Müəssisənin xammal bazası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən unikal Daş Salahlı bentonit gil yatağıdır. Müəssisənin ərazisində 3 korpusdan ibarət zavod mövcuddur: ilkin emal xətti, dənəvər bentonit istehsalı xətti və bentonit tozu istehsalı xətti.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "AzRosPromİnvest” MMC-də olub, müəssisənin fəaliyyəti və işçilər üçün yaradılmış şəraitlə maraqlanıb. Rayon rəhbəri əvvəlcə müəssisənin gil yatağında olub, yataqdakı mövcud vəziyyəti öyrənib.

Baş direktor Ələddin Sadıqov müəssisənin mövcud vəziyyəti haqqında məlumat verərək bildirib ki, hazırda 3 növ bentonit gili istehsal edilir. İllik istehsal gücü 480 min ton olan aktivləşdirilmiş bentonit gili, illik istehsal gücü 48 min ton olan dənəvər bentonit və illik istehsal gücü 48 min ton olan bentonit tozu.

Müəssisənin illik satış gücü aktivləşdirilmiş bentonit gili – 140 min ton, dənəvər bentonit 30 min ton, bentonit tozu - 25 min ton təşkil edir. Ə.Sadıqov qeyd edib ki, müəssisənin xarici satış bazarı əsasən Rusiya federasiyası, Polşa, Cənubi Koreya, İtaliya, Yaponiya dövlətləridir. Hazırda müəssisədə 205 nəfər işçi çalışır.  

Müəssisə ilə yaxından tanış olan icra başçısı işçilərlə səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Hər kəs kimi onların da xüsusi karantin rejimi qaydalarına əməl etmələrini bildirib, gələcək işlərində uğurlar arzulayıb.






 

GOYEZEN.AZ


Geri qayıt