Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax: şikayət yerində araşdırılanda...
Qazax: şikayət yerində araşdırılanda...17-06-2020, 12:27 |
Respublika mətbuatı Qazax haqqında
Havaların quraqlıq keçməsi kənd təsərrüfatında suvarma suyuna olan tələbatı daha da artırır. Buna görə də su mənbələrində olan adi bir nasazlıq bəzən hektarlarla sahənin lazımınca suvarılmasına maneçilik törədir. Nəticədə kəndlinin əzab-əziyyətlə yetişdirdiyi məhsul zay olmaqla yanaşı, adamların öz aralarında narazılıq yaranır, növbəlilik prinsipi pozulur və sair. Lap elə Ağköynək və Qarapapaq kəndlərində olduğu kimi… Belə mübahisəli məsələləri, müəyyən narazılıqları və şikayətləri əksər hallarda yerində yoxlayıb operativ tədbir görməyi özünün iş üslubu seçən Rəcəb Babaşov bu dəfə adlarını çəkdiyimiz bir qrup kənd sakininin müraciəti əsasında həmin kəndlərə gəlib. Anbardan gələn su xəttində yaranmış problemin aradan qaldırılması ilə bağlı müraciətləri diqqətlə dinləyən İcra Hakimiyyətinin başçısı məsələnin operativ həll olunması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib. Rayon rəhbəri həmçinin mövcud su mənbəyindən qənaətlə istifadə edilməsini, əkin sahələrinin suvarılması üçün bütün imkanların maksimum səfərbər olunmasının vacibliyini də diqqətə çatdırıb. Xüsusilə indiki vaxtda, yəni suvarmanın belə qızğın çağında su itkisinə yol verilməməsi tövsiyə olunub. Əkin sahələrinin növbəlilik prinsipi əsasında suvarılmasına ciddi əməl olunması məsələsinə də toxunan rayon rəhbəri bu işdə bir qayda-qanun, ciddi intizam yaradılmasının vacib olduğunu diqqətə çatdırıb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Onlar qeyd ediblər ki, istənilən xahiş, müraciətin həllini çox gözləməli olmurlar. Buna görə də dövlətə və dövlətçiliyə inam hissi çox yüksəkdir. Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 17 iyun 2020-ci il Geri qayıt |