Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində görülən işlərlə maraqlanıb

İcra başçısı Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində görülən işlərlə maraqlanıb


10-06-2020, 22:28


Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən böyük diqqət və qayğı Qazax rayonunda da hiss olunmaqdadır. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani sübutu "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır.

Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur.

Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər Əliyev Fondu tərəfindən həmin məktəbin həyətində 220 şagird yerlik yeni binanın inşa olunması da bunun əyani sübutudur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Sarıvəlli kənd tam orta məktəbində olub, görülən işlərlə maraqlanıb.

Görülən işlər haqda məlumat verən iş icraçısı Elnur Verdiyev zirzəmidə suvaq işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib. Eyni zamanda birinci mərtəbənin hörgü işlərinin başa çatdığını qeyd edib. Hazırda beton tökmək üçün alt hissənin hazırlıq işlərinin tamamlandığını, idman zalında isə hörgü işlərinin davam etdiyini vurğulayıb. 

Qeyd edək ki, yanvar ayından tikintisinə başlanılan 2 mərtəbədən ibarət olan yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da inşa ediləcək.

Məktəbin direktoru Məzahir Omarov müəllim-şagird kollektivi, valideynlər və kənd sakinləri adından əsası 1967-ci ildən qoyulan kənd məktəbi üçün yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya bir daha minnətdarlığını bildirib.

Məlumat üçün onu da qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina tikilir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində isə son tamamlanma işləri aparılır.






 

GOYEZEN.AZ


Geri qayıt