Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst
seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və
cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında,
dünyanı gözəlləşdirməyə çalışan insanların sayı on milyonlarladır. Cənab Prezident
İlham Əliyevin çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik
ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkməsi, Azərbaycanda könüllülük
hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun,
vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi hesab edilir. Təsadüfi
deyil ki, ölkə başçısı İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı
ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi bu hərəkatın daha
mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına
təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin
potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli
şəkildə faydalanmaq məqsədlərini də özündə nümayiş etdirir. Bu Sərəncam bir
daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına
olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin
fəaliyyətinə verilən ən yüksək dəyərdir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 2020-ci ilin "Könüllülər ili” elan olunması gənclər, xüsusən də rayonda
fəaliyyət göstərən könüllülər tərəfindən bu gün də böyük minnətdarlıq hissi ilə
qarşılanır. Qazaxlı könüllülər ölkə başçısı tərəfindən onlara göstərilən
etimadı öz fəaliyyətləri ilə hər zaman doğrultmağa çalışırlar. Ölkəmizdə koronovirus
(COVID-19) infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət
tərəfindən həyata keçirilən tədbirlərə böyük həvəslə qatılmaqla bunu bir daha
nümayiş etdirdilər.
Respublika
Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları
və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi
(AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni
növ koronovirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə
dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart
2020-ci il tarixində formalaşan və fəaliyyətində "ASAN
Könüllüləri” Gənclər Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "BİR Tələbə-Könüllü”
Proqramı, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi,
"Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, "Miqrasiya
Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri”
İctimai Birliyi, "Diplomatiya Könüllüləri” Qrupu, "Ekokönüllüləri” Qrupu, "Azərbaycan
Diaspor Könüllüləri” Proqramı, "SƏLİS Könüllüləri” İctimai Birliyi, "Azərbaycan
İdman Könüllüləri” İctimai Birliyi, "AFFA və Avro-2020” Könüllülər Proqramı və
"Gənc Könüllülər” Hərəkatı Mərkəzi, digər təşkilat və hərəkatların
iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər
Fondu tərəfindən həyata keçirilir.
Ölkə Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazax
Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start verilən sosial aksiyada
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i də fəallıq nümayiş etdirdilər. Aksiya
başlayan ilk gündən dövlət qayğısı sayəsində rayonda daim atəş
altında olan sərhəd kəndlərində yaşayan sakinlərə, Qarabağ
müharibəsi əlillərinə, Çernobl əlillərinə, hərbi xidmət əlillərinə, aztəminatlı
və çoxuşaqlı ailələrə, hemodializ
müalicəsi alan xəstələrə, rayonun uzunömürlü sakinlərinə,
Böyük Vətən Müharibəsi iştirakçılarına sovqatların paylanılmasında yaxından
iştirak etdilər.
Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət
Uzunömürlü sakinləri ziyarət
Ölkə
Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi ilə əlaqədar
bir sıra rayonlarda başlanan "Könüllü qonaq” təşəbbüsünə qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
könüllüləri bu aksiyanı uğurla həyata keçirdilər. Fəal gənclərin qatıldığı bu aksiya qonaq olduqları
ev sahibləri tərəfindən də maraqla qarşılandı. Sözügedən təşəbbüsün əsas məqsədi
isə qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək
təmizlik işləri aparmaq, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman
yaratmaqdır.
"Könüllü qonaq” aksiyası
"Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda
könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin,
fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq
və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik
göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü
fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək
göstərilməsində iştirak etmişdir. Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri bu aksiyaya qoşulmaqla əsl həmrəylik
göstərdilər.
8 aprel tarixində başlayan "Könüllü Qonşu”
aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və
binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış,
ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə
daxil olan zənglər əsasında
könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının,
dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə
köməklik göstərirlər. Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri bu aksiyaya da qoşuldu və üzərilərinə düşən
vəzifəni layiqincə yerinə yetirdilər.
"Böyüklərimizi qoruyaq!” və "Könüllü Qonşu” aksiyaları
Könüllülüyün
həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla
yekunlaşmadı. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin
aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması,
həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə
könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə
iştirak etdilər.
Pandemiya ilə bağlı maarifləndirmə işi
Onu da qeyd edək ki, ötən il olduğu
kimi, bu il də Qazax Rayon İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük
fəaliyyətinə başlayıb. Əsas məqsəd ölkə Prezidentinin 2017-ci il 15 sentyabr
tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il
fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika
toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha
səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına
şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini
artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını
dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsini olduğu
kimi icra etməkdir. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyəti Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük
fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb və bu istiqamətdə işləri
davam etdirir. Sevindirici hal isə odur ki, bu istək gənclər tərəfindən də
maraqla qarşılanır.
Sovqatların paylanılması
GOYEZEN.AZ
Geri qayıt
|