Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı kəndlərdə subartezian quyularının mövcud vəziyyəti ilə tanış olub
İcra başçısı kəndlərdə subartezian quyularının mövcud vəziyyəti ilə tanış olub4-05-2020, 18:34 |
Son illər ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatı sürətlə inkişaf etdirilir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir. Çünki ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda da böyük pay sahibidir. Respublika Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Bunu rayonda ildən-ilə artan əkin sahələrinin hektarından da aydın şəkildə görmək mümkündür. 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682 hektarda, 2019-cu ildə isə 21476,3 hektarda əkin aparılmışdır. 2020-ci ildə isə 21594 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, bu gün rayonda həyətyanı sahələr də daxil olmaqla, 18421 hektar suvarılan sahə var. Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu məqsədlə su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın bütün regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi bunun bariz nümunəsidir. Təkcə son 4 ildə dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə yenə də 11 ədəd olmaqla, Qazax rayonunda 38 ədəd subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Sevindirici haldır ki, hər il olduğu kimi, bu il də "Əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamına əsasən rayonun Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndlərinin hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Beləliklə, ötən illər ərzində ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla qazılan subartezian quyularının sayı 52-yə çatdırılıb. Ümumiyyətlə, bu gün rayon ərazisində 191 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır.Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov, Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin əməkdaşı Abid Nağıyev, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyatı şəxslərlə birlikdə ötən il qazılan və bu il qazıntısına başlanılan subartezian quyularının mövcud vəziyyəti ilə bağlı yerində baxış keçirib. Bununla əlaqədar rayonun Aşağı Salahlı, Orta Salahlı və Kosalar kəndlərində olub. Rayon rəhbərliyi öncə Aşağı Salahlı kəndində ötən il qazılmış subartezian quyusunun istismar vəziyyəti ilə maraqlanıb. Sonra bu il ölkə rəhbərinin müvafiq Sərəncamı ilə qazılması nəzərdə tutulan subartezian quyusunun yerinə baxış keçirilib. Qeyd olunub ki, qazıntı işləri demək olar ki, başa çatıb və ilin sonuna kimi istismara hazır vəziyyətə gətiriləcək. Orta Salahlı kəndində də yeni subartezian quyusunun qazıntısı yekunlaşıb. Kosalar kəndində isə bu il nəzərdə tutulan subartezian quyusunun qazıntısı işləri uğurla davam etdirilir. Subartezian quyularının mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib. Rayon rəhbəri hazırda əkin sahələrinin suvarılmasında işlərin qızğın çağının olmasını nəzərə alaraq su itkisinə yol verilməməsinin vacibliyini vurğulayıb. Xüsusilə də əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini bildirib. Rayon rəhbəri ilə səmimi söhbət edən kənd sakinləri əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar. Bu sahədə görülən işləri dövlətin və ölkə rəhbərinin kənd təsərrüfatı ilə məşğul olan insanlara verdiyi qiymətin əyani təzahürü kimi qeyd ediblər. Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində göstərilən dövlət dəstəyinə görə razılıqlarını bildiriblər. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən sadə kənd adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar. Aşağı Salahlı kəndi
Orta Salahlı kəndi
Kosalar kəndi
GOYEZEN.AZ Geri qayıt |