Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış Qərargah üzvləri tərəfindən bir sıra məsələlər müzakirə olunub
Qazaxda koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış Qərargah üzvləri tərəfindən bir sıra məsələlər müzakirə olunub27-03-2020, 10:38 |
Bildiyiniz kimi, koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan dövləti də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərarlar, tapşırıq və tövsiyələr təxirəsalınmadan yerinə yetirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə, verilən tapşırıq və tövsiyələrə məsuliyyətlə yanaşılır. Rayon ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış Qərargah üzvləri tərəfindən daim nəzarətdə saxlanılır. Qərargah üzvləri Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş səhra karantin xəstəxanasında saxlanılan şəxslərin 1 sutkadan artıq saxlanılmasının qarşısının alınması, məntəqədə quraşdırılmış çadırların isidilməsi, saxlanılan şəxslərin qida məhsulları ilə təmin edilməsi və onların sağlamlığının nəzarətdə saxlanılması məsələlərini də diqqətdə saxlayırlar. Bundan əlavə, Rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri tərəfindən yaradılmış mobil qruplar gənc könüllülər də cəlb olunmaqla koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə "Dövlətə dəstək olaq”, "Qaydalara riayət edərək insanların sağlamlığını qoruyaq” şüarı altında əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Əhalinin sıx toplaşdığı parklarda, avtovağzalda və digər yerlərdə sakinlərlə, əsasən yaşlı sakinlərlə görüşərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl edərək10 nəfərdən artıq qruplarda cəmləşməmələrini, 2 metr məsafənin gözlənilməsini, 65 yaşdan yuxarı olanların evdən çıxmasının qadağan olunduğunu və bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsinə dair izahatlar verilir. Lakin aparılan maarifləndirmə və təbliğat zamanı əhalinin bir qisminin karantin rejiminin tələblərinə ciddi yanaşmaması müşahidə olunmuşdur. Bununla bağlı qərargah üzvlərinə əhali arasında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl edilməsinə dair maarifləndirmə işinin daha geniş şəkildə həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlar verilib. Bir daha vətəndaşlardan son dərəcə diqqətli olmaları, məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələri xahiş olunur. GOYEZEN.AZ Geri qayıt |