Əsas Səhifə > Manşet / Rəsmi > İkinci Şıxlı kəndində səyyar görüş keçirilib

İkinci Şıxlı kəndində səyyar görüş keçirilib


23-01-2020, 22:07


Bu gün dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə təşkil olunan növbəti səyyar görüş rayonun İkinci Şıxlı kəndində keçirilib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə yola saldığımız 2019-cu ilin uğur və nailiyyətləri, həyata keçirilən genişmiqyaslı işlər qeyd olunub, sakinləri narahat edən məsələlər, qayğılar dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq yenicə qədəm qoyduğumuz 2020-ci ilin gəlişi münasibətilə səmimi arzularını çatdırıb. 2020-ci ilin proqramına uyğun olaraq İkinci Şıxlı kəndində ilk səyyar görüşün keçirildiyini bildirən icra başçısı bu cür görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də məqsədi sakinlərin qayğılarını dinləmək, onlar tərəfindən qaldırılan məsələlərin, səslənən fikirlərin həlli istiqamətində əməli işlər görməkdir. Bu görüşün vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bir daha vurğulamaqdır. Ölkə rəhbərinin də söylədiyi kimi dövlət məmurlarının əsas vəzifəsinin xalqa xidmət olduğunu çatdırmaqdır.

Ölkə başçısının növbəti dəfə Prezident seçildikdən sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən, apardığı iqtisadi və kadr islahatlarından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri 2019-cu ilin bu sahədə yaddaqalan olduğunu vurğulayıb. Xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamları, istər ölkə başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısını bu sahədə görülən işlərin bariz nümunəsi kimi göstərib. Qeyd edib ki, Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də 2019-cu il ərzində həyata keçirilən iqtisadi islahatlar bir daha sübut etdi ki, atılan bütün addımlar birbaşa vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönələn addımlardır. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi qeyd edib.

İcra başçısı Respublika Prezidentinin diqqət və qayğısı sayəsində yola saldığımız 2019-cu ilin Qazaxın tarixində abadlıq-quruculuq ili kimi də yadda qaldığını söyləyib. Ən əsası da rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən birinin - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin məhz həmin ildə öz müsbət həllini tapdığını qeyd edib. Eyni zamanda böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərinin uğurla davam etdirildiyini bildirib.

Rayon rəhbəri 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət qayğısı kimi qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi göstərib. İcra başçısı V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin də Dövlət Proqramına salındığını bildirib.


İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim diqqət mərkəzində saxlanıldığını söyləyib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, son 3 ildə rayon üzrə mövcud olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. İcra başçısı qeyd edib ki, bu gün həmin təmirli bağçalardan biri məhz İkinci Şıxlı kəndində yerləşir. Kənddə mövcud olan digər iki bağçanın təmirə ehtiyacı var ki, həmin bağçalarda da təmir işlərinin aparılması növbəti illərdə nəzərdə tutulub.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və İkinci Şıxlı kəndində də nəzərdə tutulduğunu vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli  kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını qeyd edib. Rayon rəhbəri İkinci Şıxlı kəndi ərazisində "İnvestel GROUP” MMC tərəfindən inşa olunan Aqroparka gedən 2,1 km kəndarası yolların kənarında kol-kosların təmizlənərək 2000 metr dəmir torun çəkildiyini və yeni beton dirəklərlə əvəz olunduğunu, yolun kənarında olan elektrik dirəklərinin dəyişdirildiyini, eləcə də naqillərin SİP kabelə keçdiyini vurğulayıb. Digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də SİP kabelləşmənin tam başa çatdırılacağını və bu məsələnin Dövlət Proqramına salındığını bildirib.

Kənd sakinlərindən Elman Əhmədov, İlham Musayev, Ülvi Şıxlinski, Ramiz Hacımahmudov, V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin müəllimi Rahilə Osmanova, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə razılıqlarını bildiriblər. Rayonda, o cümlədən İkinci Şıxlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Xüsusilə də Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbinyenidən qurulması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını vurğulayıblar. Təhsil sahəsinə olan qayğının Sarıvəlli məktəbindən də yan keçmədiyinə, müəllim və şagirdlər üçün hər cür şəraiti olan yeni məktəb binasının inşa olunmasına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Sakinlər həmçinin köhnə məktəb binasının sökülməməsini, kənddə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, uşaq bağçalarının həmin məktəbə köçürülməsini təklif ediblər. Bundan əlavə, kəndin mərkəzindən keçən yolun küçə işıqlarının bərpa olunmasına köməklik edilməsini də bildiriblər. Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını söyləyib. Məktəbin də məhz o məqsəd üçün sökülmədiyini bir daha vurğulayıb.







 

GOYEZEN.AZ


Geri qayıt