Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb

Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb


12-12-2019, 12:51


Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin cismani yoxluğundan 16 il ötür. Bu illər ərzində həyatımızda çox şey dəyişib. Ötən müddət ərzində baş verən inkişaf ildən-ilə gözəlləşən Bakının və regionlarımızın simasında aydın görünür. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə qlobal energetika və nəqliyyat layihələri həyata keçirilir, vaxtilə xəyal hesab edilənlər reallığa çevrilir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşamaqda, gələcəyə aparan yolumuzu işıqlandırmaqdadır. Bu gün Ümummilli Liderin vəfatından 16 il keçməsinə baxmayaraq Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha dərindən dərk olunur. Azərbaycan xalqının öz dahi oğluna məhəbbət və ehtiramı ildən-ilə daha da artır. Çünki bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıbsa, səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilirsə, bayrağımız uca zirvələrdə dalğalanırsa, bu, dahi şəxsiyyət Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olub.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anım günü ümumxalq sevgisi ilə qeyd edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.




Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən "Dahi şəxsiyyət” adlı filmə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olub, öz ürək sözlərini qeyd ediblər.


 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində dönməz xarakter alıb. İcra başçısı Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyatımızın büsbütün dəyişdiyini, artıq Azərbaycanın 16 il əvvəlki Azərbaycan olmadığını, baş verən inkişafın ildən-ilə gözəlləşən paytaxt Bakının və regionlarımızın simasında əksini tapdığını qeyd edib. Bu gün Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə qlobal layihələrin həyata keçirildiyini, ölkəmizin beynəlxalq səviyyəli yarışlara, tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

İcra başçısı qeyd edib ki, bu gün dahi şəxsiyyətin gördüyü işləri görməmək olmaz. Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. Rayon rəhbəri bildirib ki, bu gün bunu Azərbaycan xalqı yaxşı dərk edir və Ulu Öndərə olan sevgini göstərir. Ən əsası da 1990-cı illərdə çox ağır, böhranlı vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb və xilasına görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da istər Fəxri xiyabanda yerləşən qəbrinin, istər bölgələrimizdə olan abidələrinin izdihamla ziyarət olunması Ulu Öndərin xatirəsinə olan tükənməz sevgi və ehtiramın parlaq ifadəsi kimi hər zaman diqqət çəkir.


Rayon rəhbəri qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ümummilli Lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini, Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyətin hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə anıldığını, sevildiyini, yaşadığını və əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Azərbaycanda istər yaşlı insanların, istər orta, istərsə də gənc nəslin Ümummilli Liderin Azərbaycan dövləti və xalqı üçün etdiklərini qədirbilənliklə xatırladığını və yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, yaşlı nəsil ona görə qiymət verir ki, ölkənin çətin və keşməkeşli günlərini görüblər. Azərbaycanın ağır günlərində məhz Ulu Öndərin dəstəyini, diqqət və qayğısını hiss ediblər. Orta nəsil də Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkədə baş verən yeniliklərin, gündən-günə olan inkişafın şahidi olduğu üçün dahi rəhbərin bu xalq üçün etdiklərini müqayisə edərək görülən işləri yüksək dəyərləndirirlər. Gənc nəsil də bu gün inkişaf etmiş Azərbaycanı bütün dünya dövlətləri ilə müqayisə edən zaman bir daha şahidi olur ki, bütün bu inkişafın, qazanılan uğur və nailiyyətlərin təməlində, mayasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi misilsiz xidmətlər dayanır.


 

Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin dilimiz, dinimizlə bağlı gördüyü işləri, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də digər sahələrdə həyata keçirdiyi saysız-hesabsız məqsədyönlü tədbirləri sadalamaqla bitməz.

Dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti isə İlham Əliyev kimi oğul yetişdirməsidir. Ulu Öndər həyatının son günlərində xalqa müraciətində yazırdı: Mən İlham Əliyevə özüm qədər inanıram. Əminliklə bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq. Bəli, o vaxtdan ötən 16 ilin möhtəşəm uğur salnaməsi Ulu Öndərin öz inamında yanılmadığının əyani təsdiqidir. Bu gün Ulu Öndərin vaxtilə söylədiyi "Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” kimi dəyərli fikirləri iş fəaliyyətinin hər anında hiss edən ölkə başçısı da öz xalqına arxalanaraq müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə güclü dəstək verir və onun arxasınca inamla gedir.




















 


 

GOYEZEN.AZ


Geri qayıt