Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı dindarlarla görüşüb

İcra başçısı dindarlarla görüşüb


10-12-2019, 20:07


Bu gün Qazax Rayon İcra Hakimiyyətində dindarlarla növbəti görüş keçirilib. Dəyirmi masa ətrafında keçirilən görüşdə icra aparatının məsul şəxsləri, rayonda fəaliyyət göstərən icma sədrləri və dini ayinlərin icraçıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dindarları salamlayıb, artıq ənənə halını alan görüşün məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, rayonda hər ay dindarlarla keçirilən görüşün əsas məqsədi rayonda dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi, dindarlar arasında təriqət və məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması, tolerant mühitin yaradılması, multikultural dəyərlərin qorunub saxlanılması və onlara hörmətlə yanaşılmasıdır. İcra başçısı qeyd edib ki, "Dini etiqad azadlığı haqqında” və "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunlarının öyrənilməsi məqsədilə dindarlar arasında maarifləndirici söhbətlərin təşkili sahəsində aparılan işlərin vəziyyəti, dinlə bağlı problemləri, nöqsan və çatışmazlıqları öyrənmək, onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsidir. Bu sahədə görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Görüşdə Azərbaycanın bütün dünyada tolerant ölkə kimi tanınmasından, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən də söhbət açılıb. Bildirilib ki, məhz dahi şəxsiyyətin bu sahədə gördüyü işlərin nəticəsidir ki, bu gün Azərbaycan müxətlif milli-mənəvi dəyərlərin qovuşma müstəvisinə çevrilib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Görüşdə Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlərdən, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakından və bu mərasimlərə Azərbaycanda mövcud olan dini icmaların nümayəndələrinin qatılmasından da danışılıb. Qeyd olunub ki, bu görüşlər də bir daha sübut edir ki, ölkədə artıq tolerant düşüncə tam bərqərar olub. Vurğulanıb ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətlər, dialoqlar gücləndirilməlidir. Dövlətin gücünü əhalinin tolerant olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən ölkə Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı dindarları narahat edən məsələlərlə, rayonda din sahəsində olan mövcud vəziyyətlə də maraqlanıb, onların rəy və təkliflərini dinləyib.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Qazax "Cüməməscidinin imamı İlham Süleymanov, dini icma sədrlərindən Sahilə Orucova, Asif Seyidov, İslam Əliyev, dini ayinlərin icraçılarından Zaur Rzayev, Həmzə Qaraxanov, Osman Yaqubov, Fazil Süleymanov, Həmzə Fətəliyev, Allahverdi Nəsirov, Mikayıl Qədimov, Məzahir Yaqubov və başqaları çıxış edərək rayonda dini durumun tam sabit olduğunu, bu sahədə heç bir problemin olmadığını, dindarların ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini, ölkəmizin əmin-amanlığı və torpaqlarımızın işğaldan azad olunması üçün dualar etdiklərini qeyd ediblər. İcra başçısı ilə səmimi söhbət edən dindarlar rayonda məscidlərə və dindarlara göstərilən diqqət və qayğıya, hər cür köməyə görə ölkə başçısına və rayon rəhbərinə bir daha minnətdarlıqlarını bildiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.












 

GOYEZEN.AZ


Geri qayıt