Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda veloyürüş

Qazaxda veloyürüş


3-11-2019, 09:45

Respublika mətbuatı Qazax haqqında


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda gənclər siyasəti dövlət siyasətində prioritet təşkil edir. Gənclər siyasətində gənclərin sağlamlığının qorunması və fiziki inkişafı öz əksini tapır.

Qazaxda Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Sağlam gənclik” layihəsi çərçivəsində növbəti veloyürüş təşkil olunub. Layihənin birinci mərhələsi üzrə üç rayonda – Bilasuvar, Şəmkir və Qazax rayolarında reallaşan veloyürüş uğurla başa çatıb.
Şəhər və kənd məktəblilərinin, eləcə də velosipedli gənclərin iştirakı ilə baş tutan veloyürüş Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda yerləşən Gənclər Mərkəzinin qarşısından start götürüb. 400-ə yaxın gənc və yeniyetmənin qatıldığı veloyürüş Qazax şəhərinə Bakı istiqamətindən girişə kimi davam edib və ordan əks istiqamət üzrə hərəkət edən velosipedçilər şəhər mərkəzi ilə dövrə vuraraq Gənclər Mərkəzinin qarşısında finiş xəttinə çatıblar.

Rəsmi açılış tədbirində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, gənclərin sağlamlığına xidmət edən bu cür layihənin təşkilinə görə əməyi keçən insanlara, təşkilat rəhbərlərinə minnətdarlığını bildirib. Veloyürüşdə iştirak edən gənc və yeniyetmələrə uğurlar arzulayıb. Düşmənlə sərhəddə, paytaxt Bakıdan ən ucqar məsafədə yerləşən Qazaxda belə bir yürüşün keçirilməsini bölgələrdə yaşayan gənclərə olan qayğı, eyni zamanda velosiped idman növünün inkişaf etdirilməsi kimi qiymətləndirib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri Azərbaycan Gənclər Fondunun yaradılmasını, Fondun həyata keçirdiyi layihələri, eləcə də 2 fevral 2019-cu il tarixindən Fondun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərini (GİKM) dövlətin gənclərə olan qayğısının bariz nümunəsi kimi qeyd edib.


Azərbaycan Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov çıxış edərək veloyürüş iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. Veloyürüşün təşkilində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Respublika Olimpiya Velosiped İdmanı Məktəbinin direktoru Faiq Qurbanov da öz növbəsində veloyürüşçüləri salamlayıb, layihənin Qazaxda uğurla başa çatmasında dəstəyinə görə rayon rəhbərliyinə razılığını ifadə edib.

Rəsmi hissə başa çatdıqdan sonra veloyürüşə start verilib. Sonda Qazax Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yaradılacaq velokluba 10 ədəd velosiped və texniki ləvazimatlar hədiyyə edilib.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

3 noyabr 2019-cu il



Geri qayıt