Əsas Səhifə > Manşet / Rəsmi > Yuxarı Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib

Yuxarı Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib


21-10-2019, 22:21


Bu gün Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında keçirilən növbəti səyyar görüş Qazax rayonunun Yuxarı Salahlı kəndində olub. Bugünkü görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov da iştirak edib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirakı ilə təşkil olunan görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğı bir daha vurğulanıb və minnətdarlıq hissi ilə qarşılandığı diqqətə çatdırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayaraq Yuxarı Salahlı kəndində onuncu dəfə görüşdüyünü qeyd edib. Şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətindən söz açan rayon rəhbəri bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib.

Rayon rəhbəri dövlət başçısı tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib. İcra başçısı vurğulayıb ki, oktyabrın 15-də Respublika Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə zamanı dövlət başçısının nitqində sosial paketlə bağlı olan məsələlərə xüsusi həssaslıqla yanaşılması bir daha sübut etdi ki, həmin paketin icrası bundan sonra da uğurla həyata keçiriləcək.

Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirələrinin hər zaman əziz tutulduğunu bildirib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini şəhidlərimizə olan ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını şəhidlərimizin ruhu qarşısında edilən ən yüksək əməl kimi dəyərləndirib. İcra başçısı hər zaman Azərbaycana bəxş etdiyi saysız-hesabsız ziyalıları ilə tanınan Yuxarı Salahlı kəndində həm də mərd oğul və qızların yetişdiyini, zaman-zaman düşmənə sinə gərən qəhrəman döyüşçülərin də olduğunu qeyd edib. Bu gün Vətən torpaqları bütöv olsun deyə Yuxarı Salahlı kəndinin 12 nəfər şəhid verdiyini bildirib. Rayon rəhbəri həmin qəhrəman oğullardan Aprel şəhidi Elvin Namazovun adını çəkərək onun timsalında bütün şəhidlərin xatirəsinin daim yüksəkdə tutulacağını bir daha diqqətə çatdırıb.

Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb. 

Ölkə rəhbərinin diqqət və qayğısı, verdiyi tapşırıq və tövsiyələr sayəsində aqrar sektorun inkişaf etməsinin, xüsusilə də kənd təsərrüfatı və sənayeləşmə ilə bağlı aparılan uğurlu islahatların bu gün ölkəmizin iqtisadiyyatına böyük töhfələr verdiyini qeyd edib. İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. Azərbaycanda ilk dəfə olaraq Qazaxda inşa olunan "Gedik-Carçı” Elektrod Zavodunu rayonda sənayeləşmə sahəsində əldə olunan ən böyük uğur kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib. Bundan başqa, rayon mərkəzi xəstəxanasının tikintisinin yüksək səviyyədə başa çatdırılmasını, hazırda su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini rayon sakinlərinin də razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıb və bir daha sakinlər adından ölkə başçısına minnətdarlığını bildirib.


Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında müxtəlif illər üzrə rayonun İkinci Şıxlı, Ağköynək, Qarapapaq, Fərəhli, Xanlıqlar  kəndlərində də yeni asfalt yol çəkilişlərinin salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi kimi qiymətləndirib.

İcra başçısı son 3 ildə bağçalarla bağlı görülən işlərdən də söhbət açıb. Bu gün rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 uşaq bağçasından 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının ən bariz nümunəsi kimi dəyərləndirib. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Yuxarı Salahlı kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan məsələlərdən danışan icra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını bildirib. 

Sakinlərdən Məhəmməd Vəkilov, Kərim Muradov, Şərif Kalayev, Abdulla Məmmədov, Məmləkət Quliyeva və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son 3 ildə rayonda, eləcə də Yuxarı Salahlı kəndində görülən işlərin hər bir qazaxlının ürəyincə olduğunu bildiriblər. Kənddə məktəb binasının əsaslı təmirini təhsil sahəsinə verilən ən yüksək qiymət, gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi göstəriblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.  

Görüşdə sakinlər kənddə SİP kabelləşmə işinin aparılması, selötürücü kanalın beton üzlüyə alınması ilə bağlı və müxtəlif səpkili müraciətlər ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Qeyd olunan məsələlərin 5 illik Dövlət Proqramında əksini tapdığını vurğulayıb.






GOYEZEN.AZ


Geri qayıt