Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı iclas keçirilib

Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı iclas keçirilib


23-09-2019, 20:32

Ötən yazımızda Qazaxda ölkəmizin qərb bölgəsində yerləşən rayonların icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxslərinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarının, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərlərinin iştirakı ilə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş zona müşavirəsinin keçirilməsi barədə məlumat vermişdik.

Bu gün həmin müşavirədə səslənən fikirlər, qeyd olunan məsələlər, verilən tapşırıqlarla əlaqədar növbəti iclas keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda icra aparatının məsul şəxsləri, Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin, Rayon Statistika İdarəsinin, Məşğulluq Mərkəzinin, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri və əməkdaşları, RİHB-nin kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.


Qazax Rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq istər ötən həftə keçirilən müşavirənin, istərsə də bugünkü iclasın məqsəd və əhəmiyyətini bir daha vurğulayıb. İcra başçısı qeyd edib ki, müşavirədə də səsləndiyi kimi məqsəd kənd təsərrüfatı məhsulları ilə məşğul olan vergi ödəyicilərinin düzgün uçotunun aparılmasıdır. Hər hansı bir sahibkara, təsərrüfat adamına süni maneə yaratmaq, verginin artırılması və ya azaldılması deyil, sadəcə kənd təsərrüfatında pay torpaq sahələrinin düzgün uçotunu aparmaqdır. Rayon rəhbəri bildirib ki, aidiyyatı dövlət qurumları və bələdiyyələrlə birlikdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində mövcud olan real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasını təmin etməkdir.

İcra başçısı müşavirədə qeyd olunan məsələlərin, səslənən fikirlərin məsuliyyətini dərk edərək kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə xüsusi həssaslıqla yanaşılmalı olduğunu, qeyd olunan məsələnin əsl mahiyyətini vətəndaşlara, kənd təsərrüfatı ilə məşğul olan insanlara olduğu kimi çatdırılmasını bildirib və bununla bağlı aidiyyatı şəxslərə tapşırıqlar verib. Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin qısa bir vaxtda – növbəti ayın 20-ə kimi yekunlaşdırılmasını qeyd edib. Digər sahələrdə olduğu kimi bu sahədə olan işlərin də müvəffəqiyyətlə başa vurulması üçün təhkim olunmuş hər bir şəxsin gördüyü işin məsuliyyətini dərk etməsini, məsələyə xüsusi həssaslıqla yanaşmasını  bir daha diqqətə çatdırıb.


Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev idarənin nəzarət dairəsinə aid olan rayonlar arasında Qazaxın hər zaman seçildiyini, rayonda qeyd olunan məsələyə xüsusi həssaslıqla yanaşıldığını bildirib və bugünkü iclası bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib. 14 saylı Ərazi Vergilər İdarəsi olaraq kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülən işlər zamanı qarşıya çıxan sualları hər zaman cavablandırmağa hazır olduqlarını qeyd edib. Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





GOYEZEN.AZ


Geri qayıt