Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda Vaqif Səmədoğlunun büstü qoyuldu

Qazaxda Vaqif Səmədoğlunun büstü qoyuldu


28-06-2019, 10:16

Respublika mətbuatı Qazax haqqında

Dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva görkəmli Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı tapşırıq və tövsiyələr vermişlər.

Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda büstünün qoyulması həyata keçirilmişdir.

Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında yubiley münasibətilə qoyulmuş həmin büstün açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Səməd Vurğunun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova, AYB-nin mətbuat katibi Xəyal Rza, "Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, yazarlar, saz, söz adamları, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsini yad ediblər. Memorial önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Sonra "Fəxri qazaxlılar” parkında qoyulmuş büstün önünə gül dəstələri düzülüb. 

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tarixi gün münasibətilə bütün ziyalıları, qazaxlıları təbrik edib. Vaqif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara verilən yüksək qiymətə görə AYB Qazax zona filialının çoxsaylı üzvləri, eləcə də rayon ictimaiyyəti adından ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezdenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif Səmədoğlu yaradıcılığından söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğunu, onun hər zaman xalq tərəfindən sevildiyini, xidmətlərinin də dövlət tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin zamanında Vəkilovlar ailəsinə verdiyi dəyərdən, göstərdiyi yüksək qayğıdan söz açan rayon rəhbəri bu gün həmin qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Rayon rəhbəri Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını Qazax ziyalılarına verilən daha bir böyük qiymət kimi dəyərləndirib. İcra başçısı qeyd edib ki, bu addımın atılması bir daha onu sübut etdi ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə olan dövlət qayğısı bütün illərdə olub və bundan sonra da olacaqdır. Ən əsası da şairlərə, yazıçılara verilən qiymət bütövlükdə ədəbiyyatımıza verilən qiymətdir. Rayon rəhbəri sonda Qazax Müəllimlər Seminariyasının 100 illiyi, Xalq şairi İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə əlaqədar verilən sərəncamlara, Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyi münasibətilə büstün qoyulmasına görə ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib.

Digər çıxış edənlər də görkəmli şair haqqında ürək sözlərini bildirib, ona həsr etdikləri şeirləri səsləndiriblər.

Aktyorlar Kamran Yunis və Xəzər Süleymanlı da Vaqif Səmədoğlu şeirlərini səsləndirərək yubiley töhfələrini təqdim ediblər.

Sonda N.Vəkilova Vaqif Səmədoğlunun 80 illik yubileyinin respublika səviyyəsində qeyd olunmasına görə ölkə başçısı İlham Əliyevə vaqifsevərlər adından minnətdarlığını bildirib. Heydər Əliyev Fondu tərəfindən Mehriban xanımın təşəbbüsü ilə büstün qoyulmasını yüksək minnətdarlıq hissi ilə qeyd edərək bir daha sonsuz təşəkkürlərini çatdırıb. Büstün qoyulmasında əməyi keçən insanlara, həmçinin, büstün heykəltaraşı olan Kamran Əsədova minnətdarlığını çatdırıb. Tədbirin belə yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə razılığını bildirib.

Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

28 iyun 2019-cu il



Geri qayıt