Əsas Səhifə > Manşet / Şəhidlər > Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Qazaxda açıb
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Qazaxda açıb27-05-2019, 23:16 |
Bu gün Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı ərzində açılan növbəti iftar süfrəsi Qazaxda təşkil olunub. Fondun dəstəyi ilə "Qazax” şadlıq evində açılan iftar süfrəsində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ağsaqqallar və ziyalılar iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək başda ölkə Prezidenti İlham Əliyev və ailə üzvləri olmaqla, bütün Azərbaycan xalqını, rayon sakinlərini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Rayon rəhbəri ölkəmizdə dövlət başçısı İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərdiyi diqqət və qayğıdan söz açıb. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açıb. İcra başçısı Heydər Əliyev Fondunun yarandığı ilk gündən daim şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin yanında olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhidlərimizin ruhunu əziz tutduğunu, onların doğmalarına, yaxınlarına diqqət və qayğı göstərdiyini qeyd edib. Ramazan bayramı ərəfəsində də şəhid ailələrini, müharibə veteranlarını, əlillərini unutmayaraq onlar üçün iftar süfrəsi təşkil olunmasını fondun rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib.
İcra başçısı Qazaxda şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğunu, onların yaxınlarının, doğmalarının daim qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Bu gün rayonda olan hər bir şəhid ailəsinin, müharibə əlilinin, veteranının istər ölkə rəhbəri İlham Əliyev, istərsə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən qayğı ilə əhatə olunduqlarını qeyd edib. Bu gün Heydər Əliyev Fondunun təşkil etdiyi iftar süfrəsinə görə rayon ziyalıları və ictimaiyyət nümayəndələri adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Şəhid həyat yoldaşı Kifayət Mustafayeva, şəhid anası Xataya Yaqubova çıxış edərək şəhidlərə və onların ailələrinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Şəhid Mühid Orucov adına Tədris Mərkəzinin rəhbəri Gülanə Hüseynova, şəhər Mehdi Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək qeyd ediblər ki, bütün şəhidlərimizin ruhu hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Bu gün bizlər rahat və suveren şəraitdə yaşayırıqsa, bu, onların sayəsindədir. Bu gün biz o igid oğulların şəhidliyinə borcluyuq. Çünki onlar bizlər üçün öz canlarından keçiblər. Şəhidlərimizə, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək, onların adını daim uca tutmaq isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Onlar bizlərlə olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayacaqlar. Həmçinin çıxışlarda Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub. Sonra rayon rəhbəri bir-bir bayram süfrəsi açılmış stollara yaxınlaşaraq şəhid ailələrini təbrik edib.
GOYEZEN.AZ
Geri qayıt |