Əsas Səhifə > Manşet / Rəsmi > “S.V.OİL” yanacaqdoldurma məntəqəsinin açılışı olub
“S.V.OİL” yanacaqdoldurma məntəqəsinin açılışı olub10-05-2019, 22:51 |
Bu gün Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların geniş vüsət alması, sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyinin ildən-ilə artırılması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır. Ən əsası da dövlət-sahibkar münasibətləri inkişaf etdirilir. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirdiyi məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar. Bu gün rayonda daha bir sahibkarlıq obyektinin - "S.V.OİL” adlı yanacaqdoldurma məntəqəsinin (YDM) rəsmi açılış mərasimi olub. Ağköynək kəndi ərazisində yeniistifadəyə verilən YDM-si rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir bariz nümunəsidir. Açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək yeni YDM-in istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və məntəqənin əməkdaşlarını səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, bu gün açılışını etdiyimiz məntəqə Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi yüksəlişin, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması istiqamətində görülən işlərin əyani göstəricisidir. Çünki yeni açılan hər bir müəssisə həm də yeni iş yerlərinin açılması, sakinlərin rifah halının yaxşılaşdırılması deməkdir. "Bu gün Qazaxda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var”, - deyən birinci müavin yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün sahibkarlara geniş imkanlar yaradıldığını, hər cür dəstək göstərildiyini bildirib. Məntəqə sahibi, sahibkar Seymur Mansurov rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki,bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfəmizi verməkdir. Sahibkar onlar üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə bir daha minnətdarlığını çatdırıb. S.Mansurov xidmət sahələri barədə məlumat verərək bildirib ki, neft satışını benzin və dizel yanacağı təşkil edir. Bundan əlavə, avtoyuma, yağlama, kafe və market xidməti də fəaliyyət göstərir. Gələcəkdə isə 15-20 nəfəri qəbul edəcək otelin də inşa olunması nəzərdə tutulub. Hazırda yanacaqdoldurma məntəqəsində 15 nəfər işçi çalışır. Orta aylıq əmək haqqı isə 180 manat təşkil edir. YDM-nin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstəriləcək xidmətlərlə maraqlanıblar. İştirakçılara məlumat verilib ki, yanacaqdoldurma məntəqəsində yüksək səviyyədə şərait yaradılıb. Məntəqə elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub. Tədbirin sonunda M.Alıyev yeni YDM-in istifadəyə verilməsi münasibətilə məntəqənin kollektivini bir daha təbrik edib və uğurlar arzulayıb. GOYEZEN.AZ Geri qayıt |