Əsas Səhifə > Manşet / Ədəbiyyat > BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib


25-04-2019, 15:24

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Xalq yazıçısının övladları, Ayna.az saytının və Ayna tv-nin təsisçisi Elçin Şıxlı,  rəssam, jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin məsul katibi Fərrux Şıxlı, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filialın direktoru, dosent Arif Rüstəmov və müəllim-tələbə kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması məqsədilə rayon rəhbərinin müvafiq sərəncamına əsasən yaradılmış işçi qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, KİV nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə filialın foyesində Xalq yazıçısının həyat və yaradıcılığını özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.

Sonra qonaqlara və konfrans iştirakçılarına Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim olunub.

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qonaqları və konfrans iştirakçılarını salamlayıb, ən xoş ürək sözlərini çatdırıb. Azərbaycan ədəbiyyatında misilsiz xidmətləri olan Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 28 yanvar 2019-cu il tarixli sərəncamı qazaxlı ziyalılara, xüsusilə də ədəbiyyat sahəsində olan insanlara verilən ən böyük dəyər kimi qiymətləndirib. Bu tarixi əhəmiyyətli sərəncamın imzalanmasına görə rayon ziyalıları, eləcə də konfrans iştirakçıları adından minnətdarlığını çatdırıb. Azərbaycan mədəniyyətinin dünya çapında tanınmasında, təbliğ olunmasında misilsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.

İsmayıl Şıxlı yaradıcılığından, xüsusilə də Azərbaycan ədəbiyyatındakı əvəzolunmaz xidmətlərindən söz açan filialın direktoru bildirib ki, bu gün hər bir azərbaycanlı görkəmli şəxsiyyətin yubiley tədbirini əlamətdar hadisə kimi qeyd edir. Hər bir qazaxlı, İsmayıl Şıxlı məktəbinin yetirmələri olan insanlar bu tədbiri böyük ruh yüksəkliyi ilə qarşılayır və öz töhfəsini verməyə çalışır. Qeyd edib ki, bu gün filialda keçirilən konfrans da Qazaxda yubileylə bağlı keçirilən silsilə tədbirlərin davamıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək bildirib ki, ölkə başçısı İlham Əliyevin İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verməsi, Xalq yazıçısının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam bu gün bütün qazaxlılar tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılanır. Azərbaycan təhsilinin inkişafında xüsusi yeri olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci il tarixli sərəncamdan sonra Xalq yazıçısının 100 illik yubileyi ilə əlaqədar növbəti dəyərli sərəncamın imzalanmasına görə Respublika Prezidenti İlham Əliyevə bütün rayon ictimaiyyəti və ziyalılar adından bir daha öz dərin minnətdarlığını çatdırıb.

İcra başçısı qeyd edib ki, ölkə rəhbərinin imzaladığı hər iki sərəncam həm elmə, təhsilə, ədəbiyyat sahəsinə verilən dəyər, həm də qazaxlı ziyalılara olan böyük hörmət və ehtiramın ən bariz nümunəsidir.

Rayon rəhbəri vurğulayıb ki, vaxtilə ulu öndər Heydər Əliyevin qiymət verdiyi, bu gün ölkə rəhbərinin yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var. Bununla hər bir qazaxlı fəxr edir. Ən təqdirəlayiq haldır ki, bu şansı bizlərə yenə də ölkə başçısı öz sərəncamı ilə bəxş edib.

İcra başçısı çıxışında diqqətə çatdırıb ki, dövlət başçısının İsmayıl Şıxlı şəxsiyyətinə və yaradıcılığına verdiyi dəyər imzaladığı sərəncamda da öz əksini tapır. Bəli, sərəncamda qeyd olunduğu kimi İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Rayon rəhbəri dövlət başçısının imzaladığı həmin ali sərəncama əsasən yubiley tədbirinin Qazaxda da yüksək səviyyədə qeyd olunması üçün 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli sərəncam imzalandığını, həmin sərəncamla rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradıldığını, lazımi hazırlıq tədbirlərinin görüldüyünü, tədbirlər planının hazırlandığını diqqətə çatdırıb.

İcra başçısı yubiley tədbirinin yüksək səviyyədə təşkili ilə bağlı 14 fevral, 13 mart və 8 aprel 2019-cu il tarixlərində rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirələrin keçirildiyini, 15 apreldə tədbirlər planına əsasən Xalq yazıçısının 100 illik yubileyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən İkinci Şıxlı kəndində "Ağalıq düzü” deyilən və Xalq yazıçısının babalarının yurd yeri olan ərazidə alma və ərik ağaclarından ibarət meyvə bağının salındığını, yubileylə bağlı xatirə hədiyyələrinin hazırlandığını qeyd edib.

Rayon rəhbəri yubileylə bağlı həyata keçirilən tədbirlərin silsiləli şəkildə davam etdiyini bildirərək görülməsi nəzərdə tutulan işlərdən də danışıb. Xalq yazıçısı haqqında film çəkilməsini, rəsm və məqalə müsabiqələrinin keçirilməsini, görkəmli şəxsiyyətin adını daşıyan Kosalar kənd tam orta məktəbin qarşısında büstünün qoyulmasını, eləcə də digər tədbirlərin həyata keçirilməsini bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi kimi dəyərləndirib. İsmayıl Şıxlı yaradıcılığının gələcək nəsillərə çatdırılmasında bu cür konfransların keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığını, əsərlərini özündə əks etdirən slayd nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal "Ədəbiyyatın və əbədiyyətin İsmayıl Şıxlı zirvəsi” adlı məruzə ilə çıxış edərək görkəmli şəxsiyyətin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açıb. Xalq yazıçısı ilə bağlı xatirələrindən danışıb.

Filologiya elmləri doktoru, professor Rüstəm Kamal "İsmayil Şıxlı nəsrinin poetikası” mövzusunda çıxış edərək əsərlərində, xüsusilə də "Dəli Kür” romanında olan obrazların ətraflı şəkildə izahını verərək konfrans iştirakçılarına yazıçının nə demək istədiklərini çatdırıb. Qeyd edib ki, İsmayıl Şıxlının yuxuları belə real həyatın gerçəkliklərini özündə əks etdirir. Yazıçı öz yuxularını oxucuya real hadisə kimi təqdim edir. Bunu əsərlərindəki obrazların timsalında da aydın şəkildə görmək olur. Professor vurğulayıb ki, "Dəli Kür” romanında Cahandar ağanın bacısını yuxuda görməsi səhnəsi romanın ən möhtəşəm səhnəsidir. Bildirib ki, İsmayıl Şıxlı mənəvi yaddaşımızın əbədi obrazıdır. Nə qədər bu millət var, həmin obraz daim yaddaşlarda canlanacaq, qəlblərdə yaşayaraq xoş xatirələrlə anılacaq.

Filialın dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova "İsmayıl Şıxlının elmi-pedaqoji fəaliyyəti”, kafedranın müəllimi Türkan Məmmədova "İsmayıl Şıxlının "Öləm dünyam” əsərində mənəviyyat məsələləri”, AYB-nin üzvü, şair Mustafa Rasimoğlu "İsmayıl Şıxlının yaradıcılığında millilik və şəxsiyyət anlayışı”, tələbələrdən – sosial iş ixtisasının I kurs tələbəsi Musa Paşazadə "İsmayıl Şıxlı yaradıcılığında kinomatoqrafiya”, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbələri Nicat Bədəlov "Cahandar ağa obrazına yeni baxış”, Elnarə Bənnayeva "İsmayıl Şıxlının "Namus qaçağı” əsərindəki Qaçaq Süleyman obrazı gənclərin gözü ilə”, Tahirə Məmmədova "İsmayıl Şıxlının yaradıcılığında milli adət-ənənələr” mövzularında çıxış ediblər. Çıxış edənlər Xalq yazıçısının əsərlərini, eləcə də əsərlərdəki obrazları əhatəli şəkildə izah edərək ədəbiyyatımıza bəxş etdiyi saysız-hesabsız töhfələrdən danışıblar. Qeyd ediblər ki, o, öz əsərlərində həmişə Vətəninin, millətinin mənəvi əxlaq dünyasını zənginləşdirməyə çalışmışdır. O, öz əsərləri ilə İsmayıl Şıxlı dastanı yaratmışdır. Çıxış edənlər vurğulayıblar ki, əgər bu gün Azərbaycan ədəbiyyatını xalçaya bənzətsək, tam əminliklə deyə bilərik ki, İsmayıl Şıxlı həmin xalıya vurulmuş ən gözəl naxışdır.

Xalq yazıçısının oğlu Elçin Şıxlı çıxış edərək atasının 100 illik yubiley tədbirinin belə yüksək səviyyədə keçirilməsi üçün imzaladığı sərəncama görə ölkə prezidenti İlham Əliyevə ailəsi adından minnətdarlığını çatdırıb. Atasının doğulduğu doğma Qazax yurdunda yubiley tədbirinə xüsusi hazırlıq işlərinin aparılmasına, belə yüksək səviyyəli tədbirlərin, konfrasın keçirilməsinə görə rayon rəhbərliyinə, BDU Qazax filialının kollektivinə təşəkkürlərini çatdırıb. Atası ilə bağlı xatirələrindən danışan E.Şıxlı qeyd edib ki, atamın arzusu idi ki, Qazaxda ali təhsil müəssisələrinin filialları olsun. Bu gün çox şadam ki, əsas təhsil ocağımız olan Bakı Dövlət Universitetinin Qazaxda filialı fəaliyyət göstərir və gələcəyimiz olan gənclərə ən yüksək səviyyədə elm, bilik öyrədilir. Bu təhsil ocağında əsl vətəndaş yetişdirilir.























GOYEZEN.AZ

Geri qayıt